"Qlobal müharibə mərhələli şəkildə genişlənir" – Ədalət Verdiyev

25 Mart 2026 22:29 (UTC+04:00)

"Əslində Üçüncü Dünya Müharibəsi artıq beş ildir davam edir. Bu müharibə Rusiyanın Ukraynaya hücumu ilə başladı və onun əlamətləri xüsusilə bu cəbhədə görünür: dünya iki yerə bölünüb. Az sayda ölkə Rusiya işğalını dəstəkləyir, əksəriyyət isə, o cümlədən NATO və qərb ölkələri, Ukraynanın tərəfindədir. Hazırda isə ABŞ və İsrailin İranda həyata keçirdiyi hücumlarla bu dünya müharibəsi yeni bir cəbhəyə keçib və dünya ən təhlükəli dövrlərdən birini yaşayır. Dünyanın yenidən formatlanması məhz bu qlobal qarşıdurmalar fonunda başlayıb. Global güclər arasında strateji qarşıdurmanı əsasən Rusiya-Ukrayna cəbhəsinə aid etmək olar, çünki orada dünya ən azından iki, maksimum isə üç yerə bölünüb. Amma İran məsələsində bu belə deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, son illərdə qlobal miqyasda artan geosiyasi gərginliklər fonunda Üçüncü dünya müharibəsi ehtimalı yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib. Rusiya–Ukrayna müharibəsi, ABŞ ilə Çin arasında artan rəqabət, eləcə də Yaxın Şərqdə davam edən qarşıdurmalar beynəlxalq təhlükəsizlik mühitini daha da mürəkkəbləşdirir. Bu proseslər fonunda bəzi ekspertlər artıq qlobal qarşıdurmanın mərhələli şəkildə başladığını iddia edir, digərləri isə bunu daha çox siyasi ritorika və informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirir. Müasir dövrdə müharibələr əvvəlkilərdən fərqli olaraq yalnız klassik hərbi toqquşmalarla məhdudlaşmır. Kiber hücumlar, informasiya müharibəsi, iqtisadi sanksiyalar və texnoloji rəqabət artıq qlobal qarşıdurmanın əsas elementlərinə çevrilib. Bu baxımdan “Üçüncü dünya müharibəsi” anlayışı da yeni məzmun qazanır.

Ekspert bildirib ki, bu gün İranın açıq şəkildə strateji tərəfdaşları yoxdur.

"Onu dəstəkləyən ölkələr də bunu aşkar şəkildə edə bilmir, çünki faktiki olaraq İran sərhədlərinə, xüsusilə Çin və Rusiyanın gəmiləri yaxınlaşa bilmir. Həmçinin, İran ərazisinə təyyarələrlə yardımların çatdırılması mümkünsüzdür, dəmiryol xətləri isə hər tərəfdən bağlıdır. Buna görə də İran hazırda bütün dünyadan təcrid olunmuş formada müqavimətini davam etdirir. Üçüncü Dünya Müharibəsinin qarşısını almaq mümkün deyil, çünki o artıq beş il əvvəl faktiki olaraq başlayıb. Bu gün müharibə Rusiya-Ukrayna cəbhəsindən Yaxın Şərq cəbhəsinə sıçrayıb. Hazırda bu müharibənin qarşısını almaq üçün yeganə mexanizm BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar ola bilər. Lakin onların da qəbul edilməsi mümkün deyil, çünki Təhlükəsizlik Şurasının üzvləri – ABŞ və Rusiya – hər ikisi münaqişənin tərəfidir və heç biri öz iştirak etdiyi müharibədə özünə qarşı sanksiyaların və ya digər məhdudiyyətlərin tətbiqinə səs verməz. Belə olan halda, bu gün heç bir mexanizm Üçüncü Dünya Müharibəsinin qaynar nöqtələrini söndürmək və neytrallaşdırmaq üçün real təsir və təzyiq imkanına malik deyil. Buna görə də yaxın perspektivdə bu tip münaqişələrin, xüsusilə də Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin qatıldığı münaqişələrin qarşısını almaq mümkün olmayacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az