80 günlük həbsdən sonra Maduro hakim qarşısına çıxır

26 Mart 2026 12:08 (UTC+04:00)

ABŞ-nin Venesuelaya qarşı addımlarının əks-sədası davam edir.

Venesuelanın devrilmiş prezidenti Nikolás Maduro narkoterrorizm də daxil olmaqla ağır ittihamlarla ABŞ-də məhkəmə qarşısına çıxarılır.

Məhkəmə prosesi başlayır

63 yaşlı Maduro yanvarın 3-də Karakasda ABŞ xüsusi qüvvələri tərəfindən saxlanıldıqdan sonra Nyu-Yorka aparılıb. O, yanvarın 5-də keçirilən ilk məhkəmə iclasında irəli sürülən bütün ittihamları rədd edib.

Prokurorluq iddia edir ki, Maduro 25 ildən artıq müddətdə narkotik və silah qaçaqmalçılığı ilə əlaqəli geniş cinayət şəbəkəsinin tərkibində fəaliyyət göstərib.

Çətin və uzun proses gözlənilir

İşin əsasını təşkil edən narkoterrorizm qanunu üzrə keçmişdə az sayda məhkumluq qərarının çıxarılması prosesin mürəkkəb keçəcəyini göstərir.

Martın 26-na planlaşdırılan iclasın əsasən işin gedişatına dair “status iclası” olacağı gözlənilir. Bununla yanaşı, müdafiənin maliyyələşdirilməsi və sübutların necə qiymətləndiriləcəyi kimi məsələlər də müzakirə oluna bilər.

Maduronun oğlu ailənin möhkəm dayandığını bəyan etsə də, ekspertlər hesab edir ki, həm hüquqi, həm də siyasi aspektlərə görə bu məhkəmə prosesi uzun və çətin olacaq.

Mövsüm,

AzNews.az