"Məktəb təhsili əsas baza olaraq qalmalıdır" – Günay Əkbərova

26 Mart 2026 17:01 (UTC+04:00)

"Son illər repetitorluğun geniş yayılması əslində təkcə Azərbaycana xas bir məsələ deyil, bir çox ölkələrdə rəqabətli imtahan sistemləri olan yerlərdə bu tendensiya müşahidə olunur. Yəni vəziyyətə yalnız “problem” kimi deyil, həm də təhsil sisteminin dəyişən tələblərinə verilən bir reaksiya kimi baxmaq daha düzgün olar. Repetitorluğun artmasının əsas səbəblərindən biri qiymətləndirmə və qəbul mexanizmlərinin rəqabətli olmasıdır. Valideynlər və şagirdlər yüksək nəticə əldə etmək istəyirlər və bu da əlavə hazırlığa ehtiyac yaradır. Digər tərəfdən, hər bir şagirdin öyrənmə tempi və ehtiyacı fərqlidir. Məktəbdə verilən ümumi tədris bəzən bütün şagirdlərin fərdi ehtiyaclarını tam qarşılamaya bilər və bu zaman repetitor dəstəyi bir növ fərdiləşdirilmiş təlim funksiyasını yerinə yetirir. Amma burada bir məqamı da açıq demək lazımdır: repetitor dərsləri çox vaxt fərdi yanaşma kimi təqdim olunsa da, reallıqda bəzi hallarda həmin dərslər də kiçik sinif modelinə çevrilir. 15–20 şagirdin iştirak etdiyi hazırlıq qruplarında hər bir şagirdə fərdi diqqət ayırmaq olduqca çətindir. Bu isə o deməkdir ki, əgər şagirdin məktəbdə formalaşmış bazası zəifdirsə, belə qruplarda repetitordan gözlənilən maksimum faydanı almaq həmişə mümkün olmur".

Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.

Xatırladaq ki, son dövrlər Azərbaycanda təhsil sahəsində bir sıra məsələlər yenidən ictimai müzakirələrin mərkəzinə çevrilib. Xüsusilə məktəblərdə dərs yükünün artması, repetitorluğun geniş yayılması, eləcə də diplomların tanınması ilə bağlı problemlər həm valideynləri, həm də şagirdləri narahat edən əsas mövzular sırasındadır.

G. Əkbərova qeyd edib ki, repetitor möcüzə deyil, baza varsa gücləndirir, yoxdursa bəzən sadəcə şagirdi tempə çatdırmağa çalışır.

"Digər tərəfdən, bəzi valideynlərdə təhlükəsizlik psixologiyası formalaşıb, yəni repetitor varsa nəticə daha zəmanətli olacaq kimi bir düşüncə var. Açığı, bəzən şagird hələ ehtiyac duymasa belə, repetitor profilaktik olaraq işə qoşulur. Bu da artıq bir qədər sosial tendensiyaya çevrilir. Son illər təhsil sahəsində aparılan islahatları da nəzərə almaq vacibdir. Kurikulum yanaşması, formativ qiymətləndirmə və bacarıq əsaslı tədris modelləri məktəblərdə daha geniş tətbiq olunur. Bu dəyişikliklər şagirdlərin yalnız test nəticələrini deyil, həm də düşünmə, analiz və tətbiq bacarıqlarını inkişaf etdirməyə yönəlib. Təbii ki, bu transformasiyanın tam nəticəsini görmək üçün zaman və davamlı inkişaf lazımdır. Diplomların tanınması məsələsinə gəldikdə isə burada da son dövrlər müzakirə olunan mühüm bir məqam var, xarici universitetlərin akkreditasiyası. Bəzən tələbələr və valideynlər universitet seçərkən onun beynəlxalq tanınmasını və rəsmi akkreditasiyasını kifayət qədər araşdırmırlar. Nəticədə isə akkreditasiyası olmayan və ya şübhəli statusa malik ali təhsil müəssisələrinin diplomlarının tanınması ilə bağlı problemlər ortaya çıxır. Bu isə həm fərdi, həm də sistem səviyyəsində ciddi narahatlıq yaradır. Əslində burada əsas mesaj çox sadədir, xaricdə təhsil almaq qərarı verilərkən universitetin rəsmi statusu və tanınma imkanları əvvəlcədən ciddi şəkildə yoxlanılmalıdır. Bütün bunları nəzərə alaraq demək olar ki, repetitorluğun geniş yayılmasını birbaşa məktəbdə tədrisin keyfiyyətsiz olması kimi qiymətləndirmək düzgün olmaz. Daha çox bu, həm sistemin inkişaf mərhələsi, həm də cəmiyyətin yüksək nəticə gözləntiləri ilə bağlıdır. Ən vacib məqam isə odur ki, məktəb təhsili əsas baza olaraq qalmalıdır. Məqsəd o olmalıdır ki, şagird məktəbdə aldığı biliklərlə özünü kifayət qədər güvənli hiss etsin, repetitor isə yalnız ehtiyac olduqda əlavə dəstək funksiyası daşısın, əsas yükü daşıyan yox, onu tamamlayan bir vasitə kimi".

Rəfiqə Namazəliyeva,

AzNews.az