2025-ci ildə NATO ölkələrinin aviasiya sursatlarına, uzaqmənzilli raketlərə, pilotsuz uçuş aparatlarına və hava hücumundan müdafiə sistemlərinə olan ehtiyacı 145 mlrd. dollar təşkil edib.
Aznews.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rüttenin alyansın 2025-ci ildəki fəaliyyətinə dair hesabatında deyilir.
"Hazırda NATO bu ehtiyacların sürətli və iqtisadi baxımdan səmərəli şəkildə ödənilməsi üçün müttəfiqləri ilə işləyir. 2026-cı il dövrü dəniz döyüşü üçün həlledici sursatlara, kəşfiyyat və müşahidə vasitələrinə, eləcə də quru qoşunlarının ayrı-ayrı ehtiyaclarına diqqət cəmləyəcək", - hesabatda qeyd olunub.
Hesabatda bildirilib ki, 2025-ci ildə NATO ölkələri arasında ən az hərbi xərclər Monteneqroda qeydə alınıb - 146 mln. dollar və ya ÜDM-in 2 %-i.
Ən böyük hərbi xərclər ABŞ-də - 838,37 mlrd. dollar (ÜDM-in 3,19 %-i), Almaniyada - 105,1 mlrd. dollar (ÜDM-in 2,39 %-i), Böyük Britaniyada - 79,8 mlrd. dollar (ÜDM-in 2,31 %-i), Fransada - 64,6 mlrd. dollar (ÜDM-in 2,05 %-i), İtaliyada - 46,9 mlrd. dollar (ÜDM-in 2,01 %-i) və Kanadada - 43,8 mlrd. dollar (ÜDM-in 2 %-i) olub.
Bununla yanaşı, 2025-ci ildə NATO-nun bütün 32 ölkəsi hərbi xərclərini ÜDM-in 2 %-i və daha yuxarı səviyyəyə çatdırıb, üç ölkədə isə bu göstərici 3,5 %-ə çatıb.
Hesabatda həmçinin göstərilib ki, 2025-ci ildə NATO ölkələri ən mühüm enerji infrastrukturunun müdafiəsini təmin etmək üçün təlimlərin sayını artırıb və koordinasiyanı fəallaşdırıb, alyans energetika sahəsindəki təhdidlərə qarşı mübarizəyə və hərbi qüvvələr üçün enerji resursları və texnologiyaların tədarükünün əlçatanlığının təmin edilməsinə diqqətini cəmləmiş vəziyyətdə qalır.
Sənəddə vurğulanıb ki, Rusiya alyansın təhlükəsizliyi, eləcə də Avroatlantika regionunda sülh və sabitlik üçün ən ciddi və birbaşa təhlükə olaraq qalır.
Hesabatda qeyd olunub ki, alyans Rusiyaya qarşı müharibədə Ukraynaya dəstək göstərməyə davam edir:
"NATO Ukraynaya operativ dəstək göstərməklə yanaşı, müttəfiqlər və Ukrayna arasında müdafiə sənayesi əməkdaşlığına da kömək edir. 2025-ci ildə NATO yeni investisiya mənbələrini və Ukrayna sənayesinin alyans müttəfiqlərinin sənaye ekosisteminə inteqrasiyası yollarını öyrənmək vasitəsilə Ukrayna sənayesinə dəstəyin gücləndirilməsi üzrə plan hazırlayıb".