Ayxan Abbasov: "Futbolçular növbəti oyunlarda əllərindən gələni edəcəklər"

26 Mart 2026 18:47 (UTC+04:00)

Azərbaycan millisinin futbolçuları növbəti matçlarda əllərindən gələni edəcəklər.

Aznews.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.

44 yaşlı mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Sent Lüsiya yığması ilə keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb:

"Futbolçuların əhval-ruhiyyəsi yaxşıdır. Onların yaxşı formada olması bizi sevindirir. Rəqiblərimiz bəllidir. Bizim üçün yad komandalar olsalar da, onlar haqqında oyunçulara məlumat vermişik. Futbolçular meydanda əllərindən gələni edəcəklər".

A. Abbasov DÇ-2026-nın seçmə mərhələsində güclü rəqiblərlə üz-üzə gəldiklərini xatırladıb:

"İndi nəticə qazanmaq istəyirik. UEFA Millətlər Liqasının matçlarından əvvəl bu turnir çox vacibdir. Daha yaxşı oynamaq üçün əlimizdən gələni edəcəyik".

Baş məşqçi "Kəpəz"in qapıçısı Yusif İmanovun növbəti təlim-məşq toplanışına dəvət ala biləcəyini deyib:

"Hər kəsin fikrinə hörmət edirik. Mən də sual verə bilərəm ki, niyə dəvət almalıdır. Hər oyunçu bizim üçün önəmlidir. Yusif İmanovun legioner karyerası uğurlu alınmadı. Son qarşılaşmalarda yaxşı performans göstərdi. Çempionatdakı bəzi komandalar legioner qolkiperlərə üstünlük verir. Şahruddin Məhəmmədəliyev məşqlərdə əzmkarlıq göstərir. Biz addım atanda növbəti toplanışları da fikirləşirik. Bütün futbolçulara qapımız açıqdır. Yusif İmanov növbəti təlim-məşq toplanışına dəvət ala bilər".

Mütəxəssis "FIFA Series – 2026" turnirində yaxşı oyunu sərgiləmək istədiklərini vurğulayıb.

Qeyd edək ki, martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.