"Ermənistanda Rusiyanın təsir imkanları hələ də güclüdür" – Mübariz Göyüşlü

26 Mart 2026 21:20 (UTC+04:00)

"Ermənistanda Rusiya meyilli qüvvələr hələ də əhəmiyyətli təsir imkanlarına malikdir. İstər Robert Köçəryan, istər Serj Sarkisyan, istərsə də Karen Karapetyan kimi fiqurlar timsalında, eləcə də Rusiyanı bu və ya digər formada dəstəkləyən kilsə və onun ətrafında formalaşan dairələr vasitəsilə bu təsir özünü göstərir. İctimai, siyasi, dini, hətta müəyyən mənada hərbi qruplar arasında Rusiyanın kifayət qədər geniş təsir imkanları mövcuddur. Hazırda bu qüvvələr baş verən proseslərə siyasi müstəvidə təsir göstərməyə çalışır. Mübarizə əsasən təbliğat kampaniyaları, müxtəlif formatlarda kompromatların yayılması və informasiya təsiri vasitələri üzərindən aparılır".

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Ermənistan siyasi arenası hökumət və müxalifət arasında kəskin mübarizə meydanına çevrilib. Nikol Paşinyan komandası Rusiya ilə yaxınlıqdan uzaqlaşma xəttini ölkənin inkişafı üçün əsas sayır. İyunun 7-də keçiriləcək seçkilərdə əsas rəqiblər Robert Köçəryan və Karen Karapetyandır. Müharibədən sonra yaranan narazılıqlar hökumətə etimadı azaldıb. Paşinyan isə ictimai dəstəyi gücləndirməyə çalışır. Eyni zamanda Rusiyameyilli qüvvələrin seçki prosesinə mümkün təsiri də əsas narahatlıq olaraq qalır.

Siyasi şərhçi qeyd edib ki, bu fəaliyyətlərin əsas məqsədi Nikol Paşinyanın nüfuzdan salınması, onun sosial bazasının zəiflədilməsi və parçalanması, eləcə də tərəfdarlarının öz tərəflərinə cəlb olunmasıdır.

"Lakin mövcud gedişat göstərir ki, bu cəhdlər hələlik ciddi nəticə vermir və Paşinyan siyasi baxımdan üstün mövqeyini qoruyur. O, eyni zamanda Avropa İttifaqı tərəfindən də müəyyən səviyyədə dəstək alır. Bununla belə, əgər siyasi və informasiya müstəvisində aparılan mübarizə istənilən nəticəni verməzsə, Rusiya meyilli anti-Paşinyan qüvvələrin daha radikal, o cümlədən qeyri-qanuni üsullara əl atmaq ehtimalı da istisna deyil. Ermənistanın siyasi tarixində hakimiyyət uğrunda mübarizənin kəskin və bəzən qanlı mərhələlərlə müşayiət olunduğu da məlumdur. Bu baxımdan, proseslərin gələcək inkişaf trayektoriyası bir çox amillərdən asılı olacaq. Əgər Paşinyan bütün bu siyasi, qeyri-siyasi və qeyri-hüquqi təzyiq cəhdlərini neytrallaşdıra bilsə, o zaman mövqelərini daha da gücləndirə bilər. Əks halda isə ölkə daxilində siyasi qarşıdurmanın daha da dərinləşməsi ehtimalı qalmaqdadır".

Rəfiqə Namazəliyeva,

AzNews.az