Qurban Məmmədova cavabımdır: Audi Alteram Partem!

27 Mart 2026 08:42 (UTC+04:00)

Bu günlərdə Reaksiya TV-nin efirində həmkarım Zaur Qəriboğlunun dəvəti ilə Ağ Partiyanın sədri Tural Abbaslı ilə debata çıxmışdım. Guya İran müharibəsini müzakirə edirdik. “Guya” deyirəm ona görə ki, Yaxın Şərq tarixindən və geopolitikasından qətiyyən xəbəri olmayan opponentim müzakirəni dedi-qodu səviyyəsinə endirmək üçün tez-tez sözümü kəsir, primitiv suallar verir və nəticədə məni öz səviyyəsinə çəkmək istəyirdi. İsrailin bayrağındakı iki xətti “Böyük İsrail” ideyasının təzahürü təqdim etməkdən- yeri gəlmişkən, bu doğru fakt deyil, vaxtilə Yasir Ərəfat tərəfindən ortaya atılmış komplo nəzəriyyəsidir- uzağa gedə bilməyən qarşı tərəf Benyamin Netanyahunu “qatil”, “cinayətkar” adlandırdı. Buna etiraz etdim.

Dünən axşam isə tanışlar mesaj atdılar ki, bəs, vaxtilə ADP-nin liderlərindən olmuş, hazırda xaricdə yaşayan Qurban Məmmədov həmin verilişdən qısa fraqmentlər kəsərək mənim qarama danışıb. Doğrusu, Qurban Məmmədovun verilişinin tam videosunu tapmadım, heç axtarmadım da. Ancaq izlədiyim bir neçə dəqiqəlik kəsintidə Qurban Məmmədovun yanaşmasına heyrətlənməyə bilmədim, lakin bu heyrətimi kifayət qədər nəzakətlə ifadə edəcəm. İndiki halda Qurban Məmmədovun siyasətçi kimliyi, müxalifətçi mövqeyi və mühacir aqressiyasını bir kənara qoyuram. Sadəcə, hüquqşünas Qurban Məmmədova sırf öz sahəsində bir neçə kəlimə deyəcəm.

Yəhudilərin müqəddəs kitabı Talmud hər bir insanı günahı sübut edilənə qədər günahsız sayırdı.

Mənim də mənsub olduğum islamın şiə məzhəbinin birinci imamı Həzrət Əli isə deyirdi:

“Şübhəli dəlillərlə cəza verməyin”.

Fridrix Bastiat isə “Hüquq” əsərində yazırdı: “Hüquq ədalətdir”- debatda da müəllifi göstərmədən eyni fikri xatırlatdım.

Fransız liberallarının öncül isimlərindən olan Bastiat 19-cu əsrdə yaşamışdı, ancaq təqsirsizlik prezumpsiyasının məğzi ilə bağlı ilk düşüncələr günümüzdən az qala 4 min il öncəyə- Hammurapi qanunlarına gedib çıxır.

Doğrudanmı biz azərbaycanlılar az qala 4 min il yaşı olan bir anlayışı hələ də dərk və qəbul edə bilmirik?

Mənim fikrimcə, Qurban Məmmədov da daxil olmaqla, sözügedən debatı izləyən hər kəsin verməli olduğu ilk sual məhz bu olmalı idi.

Bu termin Anqlo-Sakson hüquq sistemində “The Presumption of Innocence” şəklində ifadə edilir. Hərfi təcrübəsi “günahsızlıq ehtimalı”dır. Yuxarıda qeyd olunan hüquq sistemində təqsirsizlik prezumpsiyası ədalətli mühakimənin heç də sıradan əlaməti deyil, suçu hətta kifayət qədər əsaslı şübhələrin də xaricində konkret və birmənalı dəlillərlə isbatlanmayan fərdin cinayətkar sayılmamasını təmin edən, eyni zamanda sübutlar məcmusunu zəruri sayan prosessual prinsipdir.

Təqsirsizlik prezumpsiyası Azərbaycan Konstitusiyasında da əks olunur- 63-cü maddədə.

Həmin maddəni məxsusi olaraq tam şəkildə yazıram:

Təqsirsizlik prezumpsiyası

I. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.
IV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.

Bu maddə Azərbaycan Ana Yasasına təsadüfən düşməyib. İlk növbədə əsas götürdüyümüz Roman-German hüququ bunu zəruri edir. E.ə IV əsrdə Afina şəhərin rəhbəri Demosfen “suç tam məlum deyilsə, suçlu da yoxdur” qaydasını müəyyən etmişdi. Eyni qayda Roma imperatoru Piy Antoninin konstitusiyasında da yer almışdı.

Bundan başqa, çağdaş sivilizasiyanın yönverici mətni olan və BMT tərəfindən qəbul olunan Ümumdünya İnsan haqları Bəyannaməsi də vurğuladığım məsələ ilə bağlı önəmli mənbədir.

Bəyannamənin 11-ci maddəsində yazılır:

“Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun müdafiə üçün zəruri bütün təminatlara malik olmalı olduğu məhkəmədə təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində göstərilir:

“Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Qorunması haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində vurğulanır ki,

“Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir”.

Bütün bunları Tural Abbaslı bilməyə bilər. Tural Abbaslı onu da bilməyə bilər ki, Beynəlxalq Cinayət Məhkəməsi “qatil” axtarmır, soyqırım, müharibə və insanlıq əleyhinə cinayətləri araşdırır.

Lakin Qurban Məmmədova lap dəqiq və lap çoxdan bəllidir ki, nulla poena sine iudicio, yəni mühakiməsiz cəza ola bilməz.

Odur ki, soruşuram: İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsində nə zaman mühakimə olundu, barəsində hansı hökm verildi, hökm haçan qanuni qüvvəyə mindi ki, o, təqsirsizlik prezumpsiyasının təsiri altından çıxa və “cinayətkar” adlandırıla?

Digər tərəfdən, əminəm ki, mənim kimi Qurban Məmmədov da İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barədə BCM-də açılan cinayət işinin materiallarını oxumayıb. Çünki ictimaiyyətə yalnız məhdud rəsmi məlumatlar açıqlanıb. Ümumiyyətlə, BCM-də aparılan istintaqın materialları açıq olmur və bu səbəbdən, kənar şəxslərin işin bütün sübut bazası ilə tanış olması mümkün deyil. Tanış olmadığı cinayət işi ilə boşboğaz siyasətçilər danışa bilər, amma peşəkar hüquqşünaslar əsla. Elə bu səbəbdən həmin işin məzmununu bir kənara qoyub, yurisdiksiya və digər tərəflərinə bir daha nəzər salmaq istəyirəm.

Bir daha yada salıram ki, Roma Statutuna qoşulmadığı üçün İsrail üçün BCM-in heç bir qərarı əhəmiyyət daşımır. Fələstinin isə həm ərazisi, həm də dövlət kimi statusu mübahisəlidir. Bu üzdən Netanyahu və Gallant barədə BCM hakimlərinin həbs orderi verməsi hüquq baxımdan mübahisəli və bir çox hallarda siyasi qərar sayılır. Və bunu mən demirəm. ABŞ-ın sabiq prezidenti Co Bayden bu orderi “qəzəbli” adlandırıb. Avstriya xarici işlər nazirliyi orderi “anlaşılmaz və gülünc” hesab edib. Çexiya rəsmilərinə görə isə, BCM belə bir order verməklə səlahiyyətlərini aşıb. Fransa və Almaniya Netanyahunu həmin ölkələrə gələrsə, həbs etməyəcəklərini açıqlayıb. Britaniya bu məsələyə “fərziyyə” kimi yanaşır.

Ümumiyyətlə, Roma Statutunun 68-ci maddəsi dövlətlərə sözügedən məhkəmə ilə tam əməkdaşlıq etmə öhdəliyi yükləyir, lakin “toxunulmazlığın ləğvi və təhvil verməyə razılıq göstərmə ilə bağlı əməkdaşlıq” başlığı altında olan 98/2-ci maddədə Məhkəmənin bəzi hallarda əməkdaşlıq tələb edə bilməyəcəyini də müəyyən edir. Bu normaya görə, əgər şübhəlinin təhvil verilməsinin tələb edildiyi dövlətin həmin şəxsi təhvil verməsi başqa bir dövlətlə bağlamış olduğu beynəlxalq toxunulmazlıq və immunitetlərlə bağlı öhdəliklərə zidd olarsa, BCM müvafiq tələb irəli sürmür. Başqa sözlə, əgər iki dövlət arasında immunitet (təslim etməmə) haqqında müqavilə mövcuddursa, şübhəlinin tələb edilən dövlət tərəfindən həbs olunub Beynəlxalq Cinayət Məhkəməsinə (UCM) təhvil verilməsi həmin müqavilədən doğan öhdəliklərə zidd olacaq. Əlbəttə, Roma Statutu və BCM barədə səthi biliklər daşıdığı belə şübhə oyandıran opponentimə etiraz etmək bütün bu mexanizmlərdən az-çox agah olan, ali hüquq təhsilinə malik vətəndaş kimi borcum idi. Amma madam Qurban Məmmədovun siyasi duyğuları hüquqşünas kimi biliklərini və məntiqini üstələyib, o zaman daha iki məsələni xatırladacam.

Əziz oxucular!

Sizdən birinci ricamdır, B. Netanyahu haqqında qərar vermiş BCM prokuroru Kərim Əhməd Xan barədə Google-də bir axtarış aparın. Onun həyatı və həyat tərzi ilə bağlı məlumatları özünüz üçün təhlil edin.

İkinci xahişim isə budur ki, bir araşdırın ki, İran nə qədər İsrailli uşağın ölümünə səbəb olub. 2024-cü il üçün rəsmi hesabatlara görə, İsrailin Qəzza ilə bağlı Hamas-a qarşı müharibəsi başlanandan bəri 56 uşaq və yeniyetmə öldürülüb. 389 cocuq terror aktları nəticəsində ən azı bir valideynini itirib. 38, 628 nəfər şimal və cənub sərhədlərdə yerləşən evlərindən köçürülüb. Ən azı 23, 212 nəfəri sosial xidmət qurumları fiziki və ya zehni zərər görmüş şəxs kimi tanıyıb. Öldürülənlərdən 36 nəfər 2023-cü il 7 oktyabrda İsrailin Qəzza sərhədi boyunca, əsasən mülki şəxslərin olduğu ərazilərdə Hamas tərəfindən həyata keçirilən kütləvi qırğında həlak olub. Digər 14 nəfər raket atəşindən, 4 nəfər İsrail daxilindəki digər terror hücumlarından, 2 nəfər isə Hamas əsirliyində - Ariel və Kfir Bibas - həyatını itirib.

Bəli, mən dinindən, irqindən, coğrafiyasından asılı olmayaraq dünyada heç bir uşağın müharibədən zərər görməsini istəmirəm. İstər iranlı olsun, istər amerikalı, istər çinli. Ancaq başa düşürəm ki, Yaxın və Orta Şərqdə savaşların bitməsi üçün həm İran rejiminin dəyişməsi, həm də bütövlükdə islam dünyasına hüquq şüurunun hakim olması lazımdır.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının baş redaktoru