Əhməd əl-Şara Almaniyaya ilk rəsmi səfərini edəcək

27 Mart 2026 17:30 (UTC+04:00)

Suriyada yeni dövrün başlanmasından sonra Şamdan Almaniyanın paytaxtı Berlinə ilk yüksək səviyyəli səfər gələn həftə həyata keçiriləcək.

SƏFƏR BAZAR ERTƏSİ GÜNÜ

Almaniya hökumətinin sözçüsü Stefan Kornelius həftəlik mətbuat konfransında bildirib ki, Suriya Prezidenti Əhməd əl-Şara 30 mart bazar ertəsi günü Berlinə rəsmi səfər edəcək.

Əhməd əl-Şara Berlinə səfərinə səhər saatlarında Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşlə başlayacaq.

Daha sonra o, iqtisadi və ticarət əlaqələrinin müzakirə olunacağı Almaniya–Suriya Dəyirmi Masa toplantısında iştirak edəcək. Bu toplantıda əl-Şara Suriyanın yenidən qurulması və iqtisadi bərpası ilə bağlı çıxış edəcək.

Günorta saatlarında isə Almaniya kansleri Fridrix Mertz ilə görüş baş tutacaq. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirəcəklər.

GÜNDƏMDƏ MÜHÜM MƏSƏLƏLƏR VAR

Şamdan Berlinə həyata keçiriləcək bu ilk yüksək səviyyəli səfərdə Suriyadakı son vəziyyət və ölkənin yenidən qurulması üçün Almaniyanın verə biləcəyi töhfələr müzakirə olunacaq.

Bundan əlavə, Almaniyada yaşayan suriyalıların könüllü şəkildə ölkələrinə qayıtması məsələsi də əl-Şara ilə Mertz arasında əsas mövzulardan biri olacaq.

Həmçinin İranla bağlı müharibə kontekstində son hadisələr və Orta Şərqdəki ümumi vəziyyət də görüşün gündəmində yer alacaq.

SƏFƏR TƏXİRƏ SALINMIŞDI

Kansler Mertz ötən ilin noyabr ayında verdiyi açıqlamada Suriya Prezidenti əl-Şaranı ölkənin sabitliyinə töhfə vermək və Almaniyadakı suriyalıların geri qayıdışı məsələlərini müzakirə etmək üçün Berlinə dəvət etdiyini bildirmişdi.

Bu dəvətdən sonra əl-Şaranın 19–20 yanvar 2026-cı il tarixlərində Berlinə səfəri planlaşdırılmışdı.

Lakin həmin tarixlərdə Suriyada baş verən son hadisələr səbəbindən səfər daha sonrakı tarixə təxirə salınmışdı.

Mövsüm,

AzNews.az