"İndiki vəziyyətdə ABŞ və İranın razılaşmaya meyilli olduğunu söyləmək mümkün deyil. Çünki əməliyyatlardan əvvəl hər iki tərəfin bir-birinə qarşı irəli sürdüyü şərtlər mövcud idi. Həmin şərtlərin hamısını sadalamasaq da, əsas məqamları qeyd etmək vacibdir. İran bildirirdi ki, suveren dövlətdir və onun daxili işlərinə heç kim müdaxilə edə bilməz. O, nüvə inkişafından, nüvə texnologiyalarından və nüvə enerjisinin inkişafından imtina etməyəcəyini, həmçinin raket proqramını dayandırmayacağını açıq şəkildə bəyan edirdi. Bundan əlavə, İranın hansı ölkələrlə və hansı səviyyədə əlaqələr quracağına heç kimin qarışmamalı olduğunu vurğulayırdı. Digər tərəfdən, Amerika Birləşmiş Ştatları bildirirdi ki, İran bölgədə proksi qüvvələr vasitəsilə terroru maliyyələşdirən rejimə çevrilib və bu fəaliyyət dayandırılmalıdır. Vaşinqton eyni zamanda Tehranın beynəlxalq əməkdaşlığa açıq olmasını, yalnız məhdud ölkələrlə deyil, daha geniş çərçivədə işləməsini tələb edirdi. Ən vacib şərtlərdən biri isə İranın həm nüvə proqramından, həm də xüsusilə uzaqmənzilli raket proqramlarından imtina etməsi idi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, İran ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik hərbi sahədə davam etsə də, bununla paralel olaraq diplomatik təmaslar da intensiv şəkildə davam etdirilir. Regionda risklərin artması, xüsusilə enerji təhlükəsizliyi və strateji keçidlər üzərində nəzarət uğrunda rəqabət tərəfləri həm qarşıdurmanı davam etdirməyə, həm də danışıqlar masasında qalmağa vadar edir.
Siyasi şərhçi qeyd edib ki, müharibə başlayandan sonra baş verən hadisələrin bu mövqelərə nə dərəcədə təsir etdiyinə nəzər saldıqda aydın olur ki, tərəflərdən heç biri əsas məqsədlərindən geri çəkilməyib.
"İran yüksək rütbəli hərbi fiqurlarını itirsə də, rejim çökmədi. Eyni zamanda, ABŞ ciddi canlı qüvvə itkisi verməsə də, onun müttəfiqləri olan körfəz ölkələrinin enerji və iqtisadi infrastrukturuna zərbələr dəydi. İsrail də müəyyən zərbələrlə üzləşdi. Beləliklə, hər iki tərəf müəyyən itkilər versə də, bu itkilərin müqabilində strateji məqsədlərinə nail ola bilməyib. İran nüvə və raket proqramlarından imtina etməyib, ABŞ isə İranı öz tələblərini qəbul etdirməyə nail olmayıb. Yəni nə bir tərəf, nə də digər tərəf maksimalist niyyətlərinə çatıb. Bu səbəbdən, tərəflərin heç nə olmamış kimi geri çəkilməsi həm İran daxilində, həm də ABŞ-da ciddi daxili siyasi problemlərə yol aça bilər. Cəmiyyətlər hakimiyyətdən hesabat tələb edəcək ki, əgər nəticə əldə olunmayacaqdısa, bu qədər itkinin və gərginliyin səbəbi nə idi. Məhz bu risklərə görə yaxın dövrdə tərəflərin qarşılıqlı zərbələri davam etdirməsi ehtimalı yüksəkdir. Bu zərbələr bəzən formal xarakter daşısa da, bəzi hallarda planlı şəkildə həyata keçirilərək qarşı tərəfi güzəştə məcbur etməyə yönələcək. Lakin müharibə sonsuz davam edə bilməz. Zaman keçdikcə resursların tükənməsi və itkilərin artması tərəfləri istər-istəməz diplomatik danışıqlara qayıtmağa vadar edəcək. Həmin mərhələdə tərəflər həm daxili auditoriyaya, həm də müttəfiqlərinə hesabat verə biləcək səviyyədə hansı güzəştlərə gedə biləcəklərini hesablayacaqlar. Nəticədə əldə olunacaq razılaşma böyük ehtimalla hər iki tərəfi tam qane edən sənəd olmayacaq. Daha çox atəşkəsə nail olmaq üçün formal xarakter daşıyan, müvəqqəti bir razılaşma olacaq. Yaxın həftələrdə və ya aylarda əməliyyatların davam edəcəyi gözlənilir. Münaqişənin tam və qəti həlli isə yalnız bir halda mümkündür: tərəflərdən birinin tam məğlub olması. Belə olan halda məğlub tərəf qalibin şərtlərini böyük ölçüdə qəbul etməyə məcbur qalacaq və yalnız bu zaman bir tərəf üçün məqbul sayılan yekun razılaşma mümkün ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az