"Ümumiyyətlə, dünyagörüşü məsələsi nəsillərdən daha çox zamanla bağlıdır. Yeni şərait yeni mühiti, yeni mühit isə yeni düşüncə tərzini formalaşdırır. Bu, həm gənclərə, həm Z nəslinə, həm də ondan sonra gələn nəsillərə aid olan ümumi bir tendensiyadır. Təbii ki, texnologiyaların dəyişməsi insan davranışına və münasibətlərinə də ciddi təsir göstərir. Qloballaşma isə mərhələli şəkildə inkişaf edən bir prosesdir. Onun xüsusilə 60–70-ci illərdən sonra daha sürətli xarakter aldığı qəbul olunsa da, tarix boyu insanların, icmaların və xalqların qarşılıqlı əlaqəsi, miqrasiyası və inteqrasiyası davamlı proses kimi mövcud olub. Bu baxımdan qloballaşma sosial, siyasi, mədəni və iqtisadi ölçüləri olan çoxşaxəli bir fenomendir. Texnologiyaların inkişafı və qloballaşma şəraitində sürətli informasiya axını bir tərəfdən gənclərə yeni imkanlar açır, digər tərəfdən isə onları informasiya yükü və informasiya stresinə məruz qoyur".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, müasir dövrdə gənclərin dünyagörüşü əvvəlki nəsillərlə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir. Texnologiya, qloballaşma və sürətli informasiya axını onların həyat prioritetlərini və qərarvermə mexanizmlərini yenidən formalaşdırır.
Sosioloq qeyd edib ki, bu vəziyyət seçim imkanlarını genişləndirsə də, eyni zamanda düzgün qərar vermə prosesini çətinləşdirir.
"Yəni burada məhdudluq yox, əksinə, həddindən artıq seçim bolluğu müəyyən çətinlik yaradan amilə çevrilir. Z nəslinin cəmiyyətə tamamilə yeni dəyərlər gətirdiyini demək də mübahisəlidir. Əslində, yeni dəyərləri yaradanlar daha çox innovativ düşünən, yaradıcı yanaşmaya malik olan, elm və bilik sahəsində fəaliyyət göstərən insanlardır və bu, yaşla birbaşa bağlı deyil. İnsan 80 yaşında innovativ düşünə, 20 yaşında isə daha konservativ mövqedə ola bilər. Bu gün texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrildiyi üçün insanların davranışları da bu mühitə uyğun formalaşır. Z nəsli çox vaxt daha azad düşünən kimi təqdim olunsa da, əslində onlar texnologiyalardan daha çox asılı vəziyyətdədirlər. Mütaliə ilə müqayisədə vizual və sürətli kontentə üstünlük verilməsi, həmçinin öz fəaliyyətlərini nümayiş etdirmək meyli bu nəsildə daha qabarıq görünür. Bu isə müəyyən mənada reklam və təqdimat mədəniyyətinin təsiri ilə bağlıdır. Digər tərəfdən, texnologiyaların təsiri təkcə gənclərlə məhdudlaşmır. Orta və yaşlı nəsil də eyni şəkildə bu təsirə məruz qalır. Həm texnologiyadan asılılıq, həm də onun vasitəsilə formalaşan təsirlər bütün yaş qruplarında müşahidə olunur. Azad düşüncə də müəyyən mənada texnologiyalarla əlaqəlidir. İnsanlar bu gün fikirlərini daha geniş auditoriyaya çatdıra bilir. Lakin eyni zamanda yeni informasiya mühitində qarşılaşdıqları təsirlər onların düşüncəsinə birbaşa təsir göstərir. Bu isə prosesi daha mürəkkəb və dinamik edir. Nəticə etibarilə, bu dəyişiklikləri yalnız konkret bir nəslin xüsusiyyəti kimi qiymətləndirmək düzgün deyil. Heç bir nəsli tam azad düşünən, digərini isə məhdud kimi xarakterizə etmək olmaz. Ümumi dəyərlər və prinsiplər əsasən sabit qalır, sadəcə onların təzahür formaları zamanın, texnologiyanın və qloballaşmanın təsiri ilə dəyişir və müxtəlif çalarlar qazanır".
Rəfiqə Namazəliyeva,
AzNews.az