Cəmil Həsənlinin vəkil siyahısı qalmaqala səbəb oldu - NARAZILIQ

19 Sentyabr 2013 18:22 (UTC+04:00)
Bu gün Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin vəkil siyahısı açıqlanıb. Siyahıda 37 nəfərin adı qeyd olunub.


Siyahıda maraqlı məqam bundan ibarətdir ki, C.Həsənlinin vəkilləri arasında Rauf Arifoğlu və Pənah Hüseyn kimi Milli Şura üzvü olmayan şəxslər də var.

Eyni zamanda, digər maraqlı məqam bundan ibarətdir ki, MŞ-in komissiyalarının rəhbərlərinin əksəriyyəti, həmçinin, ALP və ACP-dən heç kim C.Həsənlinin vəkilləri sırasına daxil edilməyib.

Məsələ ilə bağlı AzNews.az-a münasibət bildirən ALP sədri Əvəz Temirxan deyib ki, partiyadan heç kimin C.Həsənlinin vəkillər siyahısında olmamasının səbəbinə Milli Şuranın vahid namizədi özü aydınlıq gətirməlidir: "Yaxşı olar ki, bu məsələyə Cəmil müəllim özü aydınlıq gətirsin. Bu sualı o, cavablandırmalıdır. Mənim o siyahıdan xəbərim yoxdur. Həm də düzü bilmirəm ki, bu siyahını kim tərtib edib. Bunu bilmədiyim halda heç bir şərhə ehtiyac da duymuram".

Siyahıdan kənarda qalan İctimai Palatanın Kordinasiya Şurasının üzvü, həmçinin, Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal isə AzNews.az-a açıqlamasında bildirib ki, vəkillərin siyahısının tərtib olunması məsələsində ona heç kim müraciət etməyib: "Mənə müraciət olmayıb. Bir az əvvəl Cəmil müəllimlə danışdıq. O, mənə bildirdi ki, mənim adımın o siyahıda olmaması kiminsə səhlənkarlığı ucbatından baş verib. Xahiş etdi ki, sənədləri hazırlayım. Siyahıdan niyə kənarda qalmağımla bağlı ağlabatan izahat verilsə, sənədlərimi hazırlayıb, təqdim edəcəm".

Elvin
AzNews.az