Antarktikadakı "Qan şəlaləsi"nin sirri açıldı

29 Mart 2026 20:11 (UTC+04:00)

Yüz ildən artıqdır elm dünyasını heyrətə gətirən "Qan şəlaləsi"nin sirri nəhayət tam açılıb. Aparılan son araşdırmalar göstərir ki, Antarktikadakı bu qeyri-adi təbiət hadisəsi yalnız kimyəvi proses deyil, həm də buzlaq, qaya və duzlu suyun yaratdığı mürəkkəb təzyiq sisteminin nəticəsidir.

Aznews.az xəbər verir ki, Mak-Merdo quru vadilərində yerləşən və ilk dəfə 1911-ci ildə kəşf edilən bu qırmızı axıntının ardındakı mexanizm artıq məlumdur. Teylor buzlağından süzülən tünd qırmızı suyun sirrini həll etmək üçün onilliklər boyu müxtəlif nəzəriyyələr irəli sürülüb.

Əvvəlki tədqiqatlar şəlalənin rənginin dəmir hissəcikləri ilə zəngin olan duzlu suyun oksigenlə təmas edərək paslanması nəticəsində yarandığını üzə çıxarmışdı. Lakin bu qırmızı suyun hansı yolla və niyə məhz həmin nöqtədən səthə çıxması sualı cavabsız qalmışdı.



Son elmi iş bu çatışmayan hissəni tamamlayıb. Məlum olub ki, "Qan şəlaləsi" buzlağın yuxarıdan yaratdığı təzyiq, alt hissədəki qaya quruluşu və yaxınlıqdakı həddindən artıq duzlu Bonni gölünün birlikdə formalaşdırdığı sistemin məhsuludur. Buzlağın altında sıxılıb qalan duzlu su artan təzyiq səbəbindən qayadakı çatlardan kənara itələnərək səthə çıxır.

Bu kəşf həm də buzlaq altındakı ekstremal şəraitdə mikrobial həyatın necə sağ qaldığını anlamaq üçün yeni imkanlar açır./Demokrat.az