“Ölsəm, adının əvvəlinə “R” hərfi əlavə edərsiniz”

29 Mart 2026 21:12 (UTC+04:00)

Böyük sənətkarların həyatı və taleyi də bir film qədər, bəzən filmdən də artıq dramatik olur. Rasim Balayevin öz həyatı barədə film çəkmək olar. Bu gün başa çatan, yarısı ağ-qara, yarısı rəngli bir film. Haqqında çox şey yazmaq olar, ancaq vəsf zamanı deyil. Belə bir gündə sadəcə həyatından bir neçə nadir dramatik məqamı təqdim etməyin doğru olduğunu düşünürəm.

Çox insan bilmir ki, Rasim Balayevin elit ömrünün bir müddəti həbsdə, bir müddəti psixi dispanserdə keçib. Ona məbus da deyiblər, dəli də. Həyatı bəlkə də sırf bir təsadüfdən sonra 180 dərəcə dəyişib. Bu təsadüfə keçmədən əvvəl Rasim Balayevi psix edən hadisəyə diqqət edək:

O, atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Ruhi sarsıntılar onu psixi dispanserə aparır. Artıq həyatdan əlini üzür. Bu vaxt ikinci oğlu dünyaya gəlir. Rasim Balayev xəstəxanadan xəbər göndərir: oğlanın adını Asim qoysunlar, ölsəm, adının əvvəlinə “R” hərfi əlavə edərsiniz.

Rasim Balayev dispanserdə ruhi çırpıntılar yaşayarkən rejissor Həsən Seyidbəyli və yazıçı İsa Hüseynov “Nəsimi” roluna aktyor axtarırdılar. Həmin günlərdə efirdə Rasim Balayevin hansısa görüntüsü təqdim edilir və Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır. İsa Hüseynovla birgə Rasimi filmə çəkmək barədə söhbət başlayır.

Lakin bu barədə xəstəxanada yatan Rasim Balayevə məlumat çatanda gənc aktyor deyir ki, mənim ömrümə az qalıb, sizi yarıyolda qoymaq istəmirəm. Həm də, “Nəsimi” roluna seçiləcəyinə inanmır. Xəstəliyinə tabe olub yatmağı boşuna rola hazırlaşıb ruhdan düşməkdən üstün tutur. Bundan sonra Həsən Seyidbəyli səhiyyə nazirinə zəng edir və Rasim Balayev müayinə olunaraq Mərdəkandakı əsəb sanatoriyasına yerləşdirilir.

Ssenari ilə burada tanış olur. Onun “Nəsimi” filminə təsdiq edilməsi təkcə uğurlu bir obrazın yaranmasına səbəb olmur, həm də bir insanın həyatını xilas edir. Yoxsa Rasim Balayev ya öləcək, ya da dəli olacaqdı. Hərçənd, dəli olmaq ərəfəsində idi. Bu dəlilik havası da elə “Nəsimi”nin yaranmasında önəmli rol oynadı.

Rasim Balayevin - gənc bir oğlanın “Nəsimi” roluna təsdiq edilməsi, heç də rahat başa gəlməyib. Hətta film bu səbəbdən uğursuz alınsaydı, başda rejissor olmaqla, çox adamın kareyrası sual altına düşəcəkdi. Çünki Nəsiminin 600 illik yubileyinə görə ölkədə həmin vaxt silsilə mədəniyyət layihələri həyata keçirilirdi. “Nəsimi” filmi də bu layihələrin tacı hesab olunurdu. Mərkəzi komitə “Nəsimi” roluna başqa adamları təklif etsə də, rejissor Həsən Seyidbəyli israr edərək, hələ demək olar ki, heç bir rolda oynamayan Rasim Balayevin üstündə durur. Hətta ona deyirlər ki, istənilən əcnəbi aktyoru filmə dəvət edə bilərsən. Lakin Seyidbəyli qəribə bir inadla Balayev seçimini dəyişmir. Sonda rejissora təxminən belə bir söz deyirlər:

“Yaxşı, amma alınmasa, taleyindən küs”.

Bu barədə Rasim Balayev müsahibələrindən birində deyir:

“Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, mənim filmə çəkilməyimə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. (Qurban Xəlilov həmin illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi). O zaman Qurban Xəlilov Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədr müavini vəzifəsində çalışırdı. Həsən müəllimin filmə yeni sima gətrimək istəyini biləndə çox hirslənib. Məsuliyyətli bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki, tanınmış, səriştəli aktyorlardan biri dəvət olunsun.

Beləcə kino tariximizin ən riskli və uğurlu kastinqi Rasim Balayev seçimi ilə baş tutur. Filmin təqdimatından sonra isə Qurban Xəlilov Həsən Seyidbəyliyə seçimində israr etdiyinə görə təşəkkür edir.

Bu gündən sonra haqqında deyilən sağlıqlar, yazılan yazılar “sizə can sağlığı arzu edirəm”lə bitməyəcək. Ancaq Rasim Balayev bu çətin zəmanədə özünü mümkün qədər qoruya bilən mədəniyyət xadimi kimi rəhmət qazana bildi. Çünki indiki dövrdə ləyaqətini itirmədən sona qədər yaşaya bilmək də istedad tələb edir. /“Qafqazinfo

Ardı var...

Sərdar Amin

Aznews.az