Rubio: “Problem İran xalqı deyil, rəhbərlikdir”

30 Mart 2026 17:15 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İran xalqı ilə ölkə rəhbərliyini bir-birindən ayırır və dəyişiklik olacağına ümid edir, lakin bunun baş verməyəcəyi halda ABŞ-nin hazır olduğunu vurğulayıb.

Rubio ABC telekanalında Corc Stefanopulosla müsahibəsində deyib:

“İran xalqı möhtəşəm insanlardır. Problem onları idarə edənlərdir.”

O əlavə edib:

“Əgər indi hakimiyyətdə gələcəyə daha məntiqli baxışı olan yeni insanlar varsa, bu, bütün dünya üçün yaxşı xəbər olar. Amma belə olmazsa, biz hazır olmalıyıq.”

Diplomatik təmaslar davam edir

Rubio bildirib ki, ABŞ İranla dolayı əlaqələr saxlayır və vasitəçilər üzərindən mesajlar ötürülür.

“Mesajlar qarşılıqlı şəkildə ötürülür… vasitəçilər də daxil olmaqla,” – deyə o qeyd edib və əlavə edib ki, bəzi şəxslər qapalı şəkildə “düzgün sözlər” deyirlər.

Bununla belə, həmin şəxslərin real qərar vermək səlahiyyətinə malik olub-olmadığı hələ də aydın deyil.

Hərbi hədəflər dəyişməz qalır

Rubio bildirib ki, ABŞ əməliyyatlarının məqsədi İranın hərbi imkanlarını zəiflətməkdir. Bu, xüsusilə donanma, raket buraxılış sistemləri və silah istehsalı infrastrukturu ilə bağlıdır.

“İranın donanmasını məhv edirik… raket sistemlərini böyük faizlə sıradan çıxarırıq… və onların müdafiə sənayesini tamamilə yox edəcəyik,” – deyə o bildirib.

O əlavə edib ki, əməliyyatlar plan üzrə və ya ondan da irəlidə gedir və məqsədlərə “aylarla deyil, həftələr içində” çatılacağı gözlənilir.

Hörmüz boğazı ilə bağlı xəbərdarlıq

Rubio vurğulayıb ki, İranın Hörmüz boğazına nəzarət etməsinə heç vaxt icazə verilməyəcək:

“Bunun baş verməsinə heç vaxt imkan verilməyəcək,” – deyə o bildirib və əlavə edib ki, Prezident Donald Trampın əlində bir çox variant var.

Mövsüm,

AzNews.az