"Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, Ermənistanın siyasi gələcəyi məhz bu sülhdən asılıdır. 2018-ci ildən bu günə qədər davam edən hakimiyyəti dövründə Nikol Paşinyan müxtəlif mərhələlərdən keçmişdir: 2020-ci ilə qədər işğal siyasətini davam etdirən Ermənistanın baş naziri olub, 2020-ci ildən sonra müharibə dövrünü idarə edən baş nazir kimi çıxış edib və 2020-ci ildən 2025-ci ilə qədər isə sülh axtarışları mərhələsində olan Ermənistanın baş naziri kimi fəaliyyət göstərib. Nəhayət, bütün bunları müqayisəli təhlil etdikdə Ermənistanın baş naziri Nikol Paşinyan başa düşür ki, Ermənistan-Azərbaycan münasibətlərində 2025-ci il 8 avqustda Amerika Birləşmiş Ştatlarında yeni bir mərhələ başlayıbdır. O, həqiqi sülh dövrünə gedən ən yeni mərhələdir. Mənə elə gəlir ki, hər nə qədər müxtəlif terminlər və ifadələrlə Paşinyan sülhlə bağlı danışsa da, çılpaq gerçəklik ondan ibarətdir ki, doğrudan da Paşinyanın səsləndirdiyi fikirlərdə müəyyən həqiqət var və tam sülh mühiti üçün şərtlər məhz 2025-ci il 8 avqustda ABŞ-də keçirilən müzakirələr fonunda formalaşmağa başlayıb. Hesab edirəm ki, bu kontekstdə Paşinyan həm də Ermənistan cəmiyyətinə seçki öncəsi çağırış edir. Çünki ermənilər də başa düşürlər ki, yalnız son 8 ayda atəşkəs pozulmur, sülh müqaviləsi paraflanıbdır, hətta artıq inteqrasiya mərhələsinə başlanılıbdır. Daha doğrusu, ticarət dövriyyəsi mərhələsinə və kommunikasiyaların açılması mərhələsinə başlanılıbdır".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi müstəqillik əldə etdikdən sonra ilk dəfə Azərbaycan ilə real və davamlı sülh mühitinə nail olub. Onun sözlərinə görə, 2024-cü ilin fevralından etibarən sərhəddə ölüm və yaralanma halları qeydə alınmayıb və 2025-ci il atışmalar nəticəsində itkisiz keçən ilk təqvim ili kimi yadda qalıb. Paşinyan əvvəlki dövrləri “sülh” deyil, “müharibənin təxirə salınması” kimi qiymətləndirərək, yeni mərhələnin hüquqi əsaslara söykəndiyini vurğulayıb. Xüsusilə, delimitasiya komissiyalarının imzaladığı və ratifikasiya olunmuş “Birgə fəaliyyət reqlamenti” çərçivəsində tərəflərin Almatı bəyannaməsi prinsiplərini qəbul etməsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması baxımından mühüm addım kimi təqdim olunur. Bu açıqlamalar fonunda regionda formalaşan yeni reallıq və sülh prosesinin davamlılığı məsələsi yenidən müzakirə mövzusuna çevrilib.
Deputat qeyd edib ki, Ermənistan cəmiyyəti bunu qiymətləndirməlidir.
"Düşünürəm ki, 7 iyun seçkilərində də bu, Ermənistan siyasi elektoratı tərəfindən qiymətləndiriləcəkdir. Ancaq bütün sual da məhz bu “ancaq” məsələsindən sonra gəlir. Regionda sülh hamıya lazımdırmı? Qonşu ölkələrdən və yaxud qlobal aktorlardan kim sülhü dəstəkləyir və Ermənistandakı radikal elektorat bu sülhü istəyirmi? Məsələnin konkret cavabı belədir ki, regionda sülhü istəməyən qlobal aktorlar var, xarici dövlətlər var və Ermənistanda müharibə ritorikasını dəstəkləyən radikal qruplaşmalar mövcuddur. Demək ki, regionda heç də hamı sülhü istəmir, ən azından beynəlxalq hüquqa əsaslanan ədalətli sülhü istəmir. Çünki bəzilərinin sülh baxışı fərqlidir və Ermənistanda son dövrlərdə köhnə-yeni siyasi təşkilatlanmalar var ki, Robert Koçaryanın rəhbərliyi altında bunlar üzdə sülhdən danışıb, arxada bu sülhün tərkib hissəsi kimi ermənilərin Qarabağa qayıtmasını görürlər ki, bu da əlbəttə yeni müharibə deməkdir. Yəni müharibəni dəstəkləmək istəyən qüvvələr varmı? Var. O ölkələrdən biri, dünən həmin ölkələrdən birinin xarici siyasət idarəsinin rəhbəri Ermənistan haqqında danışarkən onu qədim dövlət kimi xarakterizə etdi və minillərin dostu adlandırdı, halbuki bu belə deyil. Həmin ölkə özü də bilir ki, Ermənistanın regionda cəmi 100 yaşı var. Başqa belə qüvvələr varmı? Var. Çünki regionda digər qlobal aktorlar da var ki, onların imperialist maraqları mövcuddur. Bunlardan biri kimdir? Biri də şimal qonşumuzdur. Başqa biri kimdir? Regionda açılacaq yeni quru “Süveyş kanalı” adlandırılan Zəngəzur dəhlizindən özünə pay çıxarmaq istəyən Fransa və s. Göründüyü kimi, vəziyyət zahirən göründüyü qədər də təhlükəsiz deyil, o qədər də sülh şərtləri daxilində mövcud deyil. Burada isə çəkindirici yeganə vasitə Azərbaycanın gücüdür. Ona görə də sülh istəməyən qüvvələr açıq şəkildə proseslərə müdaxilə edə bilmirlər. Bu isə əlbəttə ki, daha çox rəqabətdir, amma bəlkə də rəqabətdən daha radikal bir prosesdir — yeni müharibə aparıb yeni sülh şərtləri yaratmaq. Bütün bu sualların cavabı əlbəttə ki, 7 iyundan sonra aydın olacaqdır. Bütün hallarda Azərbaycan, əlbəttə ki, yaratdığı sülhü qoruyub saxlamağa çalışacaq və buna müvəffəq olacaqdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az