Güney Azərbaycan məsələsi ucuz populizmin öhdəsinə buraxılmayacaq qədər dərin məzmuna malikdir və birbaşa regional güc balansı, beynəlxalq münasibətlər sistemi və İran daxilindəki struktur ziddiyyətlərlə bağlıdır. Bu baxımdan, İran ətrafında baş verən hərbi-siyasi proseslərin gedişatı və nəticələri Güney Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır. Tarixi təcrübə göstərir ki, bu məsələ heç vaxt təkcə daxili dinamika ilə həll olunmayıb. Əksinə, xalqımızın Güneydəki azadlıq mücadiləsi hər dəfə geosiyasi kontekstdə boğulub.
Yada salaq, XX əsrin əvvəllərində Səttarxan liderliyi ilə yüksələn Məşrutə hərəkatı Güney Azərbaycanda ciddi siyasi potensial yaratmışdı. Lakin həmin dövrdə Quzey Azərbaycanın Rusiya imperiyası tərkibində olması bu potensialın milli dövlət layihəsinə çevrilməsini əngəlləyirdi. Təbrizin Qacar dövləti daxilindəki çəkisi hətta Bakının rus imperiyası daxilindəki mövqeyindən yüksək olsa da, həm siyasi hakimiyyət, həm də dini çevrələr Azərbaycan faktoruna qarşı mövqe tutmuşdu. Üstəlik, 1907-ci il İngiltərə-Rusiya müqaviləsi (1907) İranın şimalını faktiki olaraq Rusiyanın nəzarətinə verərək bu hərəkatın manevr imkanlarını minimuma endirmiş, Təbriz iki despotik gücün məngənəsində qalmışdı.
1920-ci ildə Şeyx Məhəmməd Xiyabani tərəfindən “Azadistan” təşəbbüsü irəli sürüləndə artıq Azərbaycan Xalq Cümhuriyyəti süqut etmişdi. Bu, Güney hərəkatının regional çərçivədən çıxmasını mümkünsüz edirdi. Şeyx Məhəmməd Xiyabani daha çox islahatçı xətt aparırdı və mübarizəsini İran daxilində siyasi dəyişikliklər çərçivəsində qururdu. O, “Azadistan” ideyası ilə regional muxtariyyət və siyasi-sosial yenilənmə istəyirdi, amma məsələnin açıq şəkildə beynəlxalq müstəviyə çıxarılan milli dövlət layihəsinə çevirilməsinə zəmin yox idi.
1946-cı ildə Seyid Cəfər Pişəvəri rəhbərliyində qurulan Milli Hökumət müəyyən institutlaşma mərhələsinə çatsa da, onun taleyi beynəlxalq siyasətin predmetinə çevrildi. ABŞ və Böyük Britaniya neft amili sayəsində İranın ərazi bütövlüyünü qorumağa üstünlük verdilər və nəticədə 1946-cı ilin dekabrında Təbriz yenildi. Burada əsas məqam ondan ibarətdir ki, hərəkatın taleyi daxili gücdən çox, xarici güclərin müdaxiləsi ilə müəyyən olundu.
1953-cü ildə Məhəmməd Müsəddiq hökumətinin devrilməsi və sonrakı repressiyalar İran daxilində siyasi sahəni klerikal qüvvələr üçün açdı. Bu prosesin kulminasiyası 1979-cu ildə Ruhulla Xomeyni rəhbərliyində baş verən inqilab oldu. Maraqlı məqam ondan ibarətdir ki, həmin dövrdə Güney Azərbaycanda, xüsusilə Təbrizdə, “vilayəti-fəqih” modelinə ciddi müqavimət var idi. Ayətullah Məhəmməd Kazım Şəriətmədari yeni konstitusiyaya qarşı çıxırdı. Onun adından saxta çağırış yayılması və bunun ardınca baş verən etirazlar göstərdi ki, Azərbaycan bölgəsi ideoloji baxımdan Tehrandan fərqli xətt tuturdu.
Bu xronologiya bir təsadüflər toplusu deyil, müəyyən qanunauyğunluqları- siyasi determinizmi ortaya qoyur. Bu determinizm Güney Azərbaycan məsələsinin hansı şərtlər daxilində uğur qazana biləcəyini dəqiq şəkildə göstərir:
İlk olaraq, Quzey Azərbaycanın güclü və müstəqil dövlət kimi mövcudluğu həlledici faktordur. Azərbaycan tarixən bu rolu oynaya bilməsə də, hazırda belə bir potensiala malikdir. Milli hərəkatların uğurunda “dayaq dövlət” amili klassik nümunələrlə sübut olunub.
İkincisi, Qərbin siyasi dəstəyi olmadan Güney Azərbaycan məsələsinin həlli mümkün deyil. 1946 təcrübəsinə əsasən deyə bilərik ki, enerji, digər geoiqtisadi və siyasi maraqlar fonunda hazırda Azərbaycanın Qərbin enerji şirkətləri üçün etibarlı partnyor olması yeni strateji baxış formalaşdırır.
Üçüncüsü, Güney daxilində tam milli həmrəylik və vahid siyasi mərkəz formalaşmalıdır. Tarixi təcrübədə liderlər güclü olsa da, ümumi koordinasiya və mərkəzləşmiş idarəetmə olmadığı üçün hərəkatlar parçalanıb və zəifləyib.
Dördüncü şərt davamlı quruculuq qabiliyyətidir. Sadəcə siyasi elanlar deyil, real institutlar- təhlükəsizlik, idarəetmə və iqtisadi sistem qurulmalıdır. Xarici dayağa əsaslanan modellər uzunömürlü olmur.
Beşinci amil beynəlxalq legitimlikdir. Tanınmayan siyasi qurumların taleyi müvəqqəti olur. Beynəlxalq hüquqi status olmadan əldə olunan nəticələr tezliklə aradan qalxır.
Altıncı olaraq, regional və qlobal güclər arasında balans siyasəti qurulmalıdır. Böyük güclər arasında razılaşma olduqda, yerli hərəkatların manevr imkanları minimuma enir. Ona görə də ya beynəlxalq dəstək, ya da neytrallıq mütləq təmin edilməlidir.
Nəhayət, yeddinci və bəlkə də ən fundamental şərt güclü, aydın və sekulyar ideoloji bazanın formalaşdırılmasıdır. Kütləvi səfərbərlik yalnız ideoloji aydınlıq və sosial cazibə ilə mümkündür. Müasir mərhələdə bu ideyanın mərkəzində öz müqəddəratını təyinetmə hüququ dayanır.
Nəticə etibarilə, Güney Azərbaycan məsələsinə Azərbaycan ictimai rəy müəssisəsi və dövlət Quzeyin müstəqilliyinin yaratdığı strateji üstünlüklər çərçivəsində baxmalı və İran savaşını “tarixi fürsət” kimi dəyərləndirməlidir. Bütün hallarda, Azərbaycanın Cənubundakı coğrafiya ABŞ-nin nüfuz dairəsinə daxil olur və bu, yeni geopolitik reallıq yaradaraq Quzeyn Azərbaycan üçün yeni geopolitik çağırışlar formalaşdırır. Bu kontekstdə Azərbaycanın Cənubi Qafqazın lider dövlətindən Yaxın və Orta Şərqin oyunqurucu dövlətinə çevrilmək şansı kifayət qədər ciddidir.
Taleh ŞAHSUVARLI