Özbəkistanın Fərqanə vilayətində "Mərkəzi Asiya və Azərbaycan" dostluq forumu çərçivəsində "Mərkəzi Asiya ölkələri-Azərbaycan dostluğunun yeni dövrü" mövzusunda beynəlxalq konfrans keçirilib.
Aznews.az xəbər verir ki, bu barədə Fərqanə vilayətinin meriyasından bildirilib.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Azərbaycandan alimlər və ekspertlər, beynəlxalq təşkilatlar, dövlət və ictimai qurumlar, milli mədəni mərkəzlər, dostluq cəmiyyətləri və KİV-lərin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Fərqana vilayətinin meri Xayrullo Bozorov forumun xalqlar arasında tarixən formalaşmış əlaqələrin möhkəmləndirilməsi, millətlərarası razılığın təmin edilməsi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
İştirakçılar son illərdə Mərkəzi Asiyada qarşılıqlı etimad və mehriban qonşuluq mühitinin gücləndiyini, Özbəkistanın açıq və praqmatik xarici siyasətinin buna töhfə verdiyini vurğulayıblar. Bu prosesdə regionun dövlət başçılarının məşvərət görüşləri mühüm rol oynayır.
Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərin inkişafına xüsusi diqqət yetirilib. Aktiv siyasi dialoqun ticari-iqtisadi, mədəni-humanitar və regionlararası əlaqələrin genişlənməsinə töhfə verdiyi qeyd edilib.
Daşkənddə Heydər Əliyev adına bağın və "Azərbaycan" parkının yaradılması, Bakıda "Özbəkistan" parkının yaradılması, həmçinin Füzulidə Mirzə Uluqbəy adına müasir məktəbin inşası ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə nümunə olaraq göstərilib:
Konfrans zamanı region ölkələrinin müvafiq qurumlarının və təşkilatlarının nümayəndələri çıxış edərək əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, əməkdaşlığın tarixi əsaslarını və gələcək inkişafın prioritet istiqamətlərini müzakirə ediblər.
Tədbirin sonunda forumun daimi dialoq platformasına çevrilməsi və Fərqanə vilayətinin davamlı inkişafına yönəlmiş birgə təşəbbüslərin irəlilədirilməsi barədə razılıq əldə edilib. Bir sıra iştirakçı "Xalqlar dostluğu" döş nişanı ilə təltib olunub.
Konfrans region ölkələri arasında əsrlərlə davam edən əlaqələrin müzakirəsi və yeni mərhələdə əməkdaşlığın inkişafına yanaşmaların işlənib hazırlanması üçün platforma rolunu oynayıb.