Naxçıvanda su ehtiyatları 165 milyon kubmetri ötüb

31 Mart 2026 20:09 (UTC+04:00)

Ötən ilin quraqlıqla müşayiət olunmasına baxmayaraq, ilin son aylarından başlayaraq düşən qar və son dövrlərdə qeydə alınan yağıntılar Naxçıvan Muxtar Respublikasının su ehtiyatlarının bərpasına müsbət təsir göstərir.

Aznews.az xəbər verir ki, Bu barədə Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin 31 mart tarixinə muxtar respublikada ümumi su ehtiyatları 210 milyon 200 min kubmetr həcmində olub. Cari ilin eyni dövrünə isə bu rəqəm 165 milyon 150 min kubmetr səviyyəsində qeydə alınıb.

"Dağlıq və dağətəyi zonalara yağan qar örtüyü çayların qidalanma mənbələrinin güclənməsinə və su anbarlarında suyun toplanma prosesinin sürətlənməsinə zəmin yaradıb. Bu prosesin nəticəsində su təchizatının addım-addım yaxşılaşması müşahidə edilir", - məlumatda qeyd olunub.

İdarə hesab edir ki, istismarda olan su anbarları həm əhalinin içməli su tələbatının ödənilməsində, həm də kənd təsərrüfatı sahəsində suvarma suyunun təmin edilməsində əvəzolunmaz rol oynayır:

"Son günlərdə yağan yağışlar və qar örtüyünün mərhələli qaydada əriməsi çaylarda su axınının güclənməsinə, su anbarlarına suyun daxil olmasına və ümumi su balansının bərpa edilməsinə müsbət təsir göstərir. Belə ki, 31 mart 2026-cı il tarixinə Heydər Əliyev su anbarında 33 milyon 70 min kubmetr su ehtiyatı toplanıb. Müqayisə üçün bildirək ki, 2025-ci il dekabrın 1-də bu göstərici cəmi 14 milyon 750 min kubmetr təşkil edirdi".

Məlumatda yağıntıların intensivləşməsi və qarın əriməsi sayəsində su anbarlarındakı ehtiyatların tədricən artım tendensiyası nümayiş etdirdiyi vurğulanır.