"İstənilən məsələdə şaxələndirmə çıxış yolu kimi qiymətləndirilə bilər. Bu yanaşma xüsusilə enerji daşıyıcılarının dünya üzrə təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı ilə bağlı daha da aktuallaşır. Əslində, bu gün yaranan vəziyyət göstərir ki, ərəb ölkələri uzun müddət Hörmüz boğazına alternativ marşrutların yaradılması istiqamətində yetərli addımlar atmayıblar. Bu sual isə hələ də aktuallığını saxlayır: niyə bu addımlar vaxtında atılmayıb? Bu kontekstdə Azərbaycan nümunəsini xatırlatmaq yerinə düşər. Azərbaycan müstəqilliyini qazandıqdan bir neçə il sonra, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”ni imzaladı. Bu müqavilə ölkənin olduqca ağır dövrünə təsadüf edirdi — dövlətçiliyin möhkəmlənmədiyi, iqtisadi böhran, qaçqın və məcburi köçkün problemlərinin yaşandığı, eləcə də müharibə şəraitinin davam etdiyi bir mərhələdə baş tutdu. Buna baxmayaraq, Azərbaycan strateji qərar verərək öz enerji siyasətinin əsasını qoydu. Sonrakı illərdə həmin müqavilə çərçivəsində əldə olunan gəlirlər hesabına Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi iri layihələr reallaşdırıldı və istifadəyə verildi. Daha sonra TANAP və TAP kimi layihələr həyata keçirildi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, Yaxın Şərqdə geosiyasi gərginliyin daha da kəskinləşdiyi bir mərhələdə İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülən yeni təşəbbüs beynəlxalq diqqəti yenidən enerji təhlükəsizliyi məsələsinə cəmləyib. Dünyanın ən həssas enerji keçid nöqtələrindən biri kimi qəbul edilən Hörmüz boğazı ətrafında alternativ nəqliyyat marşrutlarının yaradılması ideyası regiondakı güc balansını dəyişə biləcək strateji addım kimi qiymətləndirilir.
Siyasi şərhçi qeyd edib ki, bu addımların əsas məqsədi enerji ixracında şaxələndirməni təmin etmək idi ki, hər hansı bir marşrutdan asılılıq yaranmasın.
"Məsələn, Bakı–Novorossiysk xətti də alternativ marşrutlardan biri idi. Lakin Rusiya ilə münasibətlərdə hər hansı gərginlik yaranacağı təqdirdə bu xəttin dayanması Azərbaycanın ciddi çətinliklərlə üzləşməsinə səbəb ola bilərdi. Məhz buna görə alternativlərin mövcudluğu strateji əhəmiyyət daşıyır. Eyni məntiq Hörmüz boğazı məsələsinə də aiddir. Region dövlətləri vaxtında alternativ nəqliyyat və ixrac marşrutları üzərində düşünə bilərdilər. Hazırda isə yeni kanal və ya alternativ boru kəmərləri ilə bağlı müxtəlif təkliflər səsləndirilsə də, coğrafi və siyasi çətinliklər bu layihələrin həyata keçirilməsini mürəkkəbləşdirir. Bəzi təkliflərdə Ərəbistan yarımadasının kənarından keçən boru kəmərləri və ya dənizlərə çıxışı olan alternativ marşrutlar nəzərdə tutulur. Lakin relyef, təhlükəsizlik riskləri və regional sabitlik bu planların reallaşmasını çətinləşdirən əsas amillərdir. Bütün bunlara baxmayaraq, mövcud vəziyyət göstərir ki, Hörmüz boğazı kimi strateji nöqtələrdən asılılıq dünya enerji bazarında ciddi risklər yaradır. Bu risklər yalnız İran üçün deyil, həm də qlobal iqtisadiyyat üçün təsirlidir. Azərbaycan kimi neft ixrac edən ölkələr üçün qiymətlərin yüksəlməsi müəyyən iqtisadi üstünlüklər yaratsa da, neft idxal edən ölkələr üçün bu, ciddi problemlərə səbəb olur. Nəticə etibarilə, belə böhranların qarşısını almağın əsas yolu vaxtında şaxələndirilmiş infrastrukturun yaradılmasıdır. Əks halda, enerji təhlükəsizliyi sahəsində ciddi risklər və qlobal iqtisadi dalğalanmalar qaçılmaz olur".
Rəfiqə Namazəliyeva,
AzNews.az