"ABŞ–İran qarşıdurması ilə bağlı qəti proqnoz vermək çətindir" – Həşim Səhrablı

31 Mart 2026 20:51 (UTC+04:00)

"Açıqcası, hazırda İran ətrafında baş verən proseslərlə bağlı müxtəlif versiyalar səsləndirilir. Bəziləri ABŞ-nin hərbi müdaxilə edə biləcəyini, hətta Xark adasının ələ keçirilməsi kimi ssenariləri gündəmə gətirir. Eyni zamanda İranın yalnız adada deyil, digər ərazilərində də canlı qüvvə ilə əməliyyatların aparıla biləcəyi iddia olunur. Digər tərəfdən isə ABŞ-nin sülh və atəşkəs istiqamətində mövqe sərgilədiyi, münaqişənin dayandırılması üçün şərtlər irəli sürdüyü və İranın bu şərtlərə reaksiya verəcəyini gözlədiyi barədə fikirlər də mövcuddur. Ona görə də hazırkı mərhələdə qəti fikir bildirmək olduqca çətindir. Əgər ABŞ-nin başında proqnozlaşdırıla bilən siyasi lider olsaydı, o zaman nəticə ilə bağlı daha aydın qənaətə gəlmək mümkün olardı: ya ABŞ müəyyən nəticələr əldə etdiyini elan edərək geri çəkilər, ya da proses genişmiqyaslı hərbi toqquşmaya çevrilərdi".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.

Qeyd edək ki, ABŞ-da Donald Tramp administrasiyasının İranla bağlı mümkün hərbi planları ətrafında səsləndirilən iddialar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Regionda artan gərginlik, xüsusilə İran və İsrail arasında mümkün qarşıdurma fonunda bu cür ssenarilər daha geniş müzakirə olunur. Lakin mürəkkəb geosiyasi reallıqlar və tərəflərin sərt mövqeyi nəzərə alındıqda, hərbi əməliyyatların qısa müddətdə yekunlaşması ehtimalı aşağı qiymətləndirilir.

Siyasi şərhçi qeyd edib ki, hazırkı vəziyyət, xüsusilə Donald Trampın dəyişkən siyasi ritorikası fonunda, prosesin proqnozlaşdırılmasını çətinləşdirir.

"Çünki onun həm sabit, həm də ziddiyyətli bəyanatlar verməsi ümumi qeyri-müəyyənliyi artırır. Bu səbəbdən beynəlxalq ictimaiyyət də ABŞ rəhbərliyinin bəyanatlarını tam olaraq vahid xətt kimi qəbul etmir, çünki mövqelərin dəyişməsi ehtimalı yüksəkdir. “Mayın 10-na qədər müharibənin dayandırılması” məsələsinə gəldikdə isə, bu, daha çox cəbhədəki vəziyyətdən asılıdır. Əgər ABŞ bu müddətə qədər daxili ictimaiyyətə təqdim edə biləcəyi müəyyən nəticələr əldə edərsə, yəni rejim dəyişikliyi, nüvə proqramı və ya ballistik raketlər mövzusunda ciddi güzəştlər kimi nəticələr ortaya çıxarsa, o zaman Vaşinqton münaqişəni əldə olunan nəticələrlə yekunlaşdırmağa meyil göstərə bilər. Əks halda, İran müqaviməti davam etdirərsə və ABŞ şərtlərinə razılaşmazsa, qarşılıqlı gərginlik və zərbələrin davam etməsi ehtimalı artır. Hətta bu halda ABŞ-nin İranın təsir dairəsində olan regionlarda əməliyyatlar keçirməsi və güc nümayiş etdirməsi də mümkün ssenari kimi qiymətləndirilir. Ümumilikdə, yaxın dövrdə əməliyyatların tam dayanması ehtimalı zəif görünür, lakin genişmiqyaslı müharibəyə keçid də hər iki tərəfin maraqlarına uyğun deyil. Daha çox status-kvonun qorunduğu, lokal və məhdud zərbələrlə müşayiət olunan bir mərhələ müşahidə oluna bilər. Bu isə həm ABŞ, həm də İran üçün daxili və beynəlxalq auditoriyaya “mübarizə davam edir” mesajı verməyə imkan yaradır".

Rəfiqə Namazəliyeva,

AzNews.az