Müharibə can almağa davam edir...
Vatikan Dövlət Başçısı Papa 14-cü Leo, həftəlik istirahətini keçirdiyi Roma yaxınlığındakı Kastel Qandolfo qəsəbəsində onu gözləyən jurnalistlərə, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə başda olmaqla müxtəlif mövzularla bağlı fikirlərini bölüşüb.
“ÇOX BÖYÜK AĞRILAR VƏ ÖLÜMLƏR GÖRÜRÜK”
Xristian dünyasının bu həftə Pasxa bayramına hazırlaşdığını, bu dövrün sülh və düşüncə zamanı olduğunu bildirən Papa deyib:
“Amma hamımızın bildiyi kimi, bu gün dünyada bir çox yerlərdə çox böyük ağrılar və ölümlər görürük, hətta günahsız uşaqlar belə həyatını itirir.”
Papa daim sülhə çağırış etdiklərini, lakin bir çox insanın nifrət, zorakılıq və müharibəni təşviq etdiyini vurğulayaraq bildirib:
“Bəlkə Pasxa üçün bir atəşkəs ola bilər, amma əsas məsələ müharibənin tamamilə başa çatmasıdır.”
TRAMPA ÇAĞIRIŞ ETDİ
ABŞ Prezidenti Donald Tramp başda olmaqla bütün dünya liderlərinə müraciət edən Papa 14-cü Leo belə deyib:
“Prezident Tramp yaxın zamanda müharibəni bitirmək istədiyini dedi. Ümid edirəm ki, zorakılığı azaltmağın bir yolunu axtarır. Bu da Yaxın Şərqdə və onun hüdudlarından kənarda yaranan nifrətin azalmasına ciddi töhfə verə bilər. Bütün dünya liderlərinə səslənirəm – dialoq üçün masa arxasına qayıdın.”