Güney Azərbaycanda gözlənilən hərəkatın sosioloji quruluşu

1 Aprel 2026 19:18 (UTC+04:00)

Bu günlərdə LAF TV-nin efirində İran savaşı ilə bağlı çıxış etdim. Savaşın nəticələrinin İranda daxili proseslərə necə təsir edəcəyi barədə danışarkən amerikan sosioloqu Çarles Tillinin “Böyük təşkilatlar, geniş proseslər və nəhəng müqayisələr” kitabında önə sürdüyü amillərə diqqət çəkdim. Çox təəssüf ki, geniş izah etməyə imkan olmadı. Odur ki, məsələyə yenidən qayıtmağa lüzum görürəm.

Harvard da daxil olmaqla ABŞ-nin bir sıra nüfuzlu universitetlərində tarix, siyasət, sosial elmlər sahəsində tədqiqatlar aparmış Tilli kütləvi hərəkatlar barədə samballı əsərlər müəllifidir. Onun fikrincə, kütləvi hərəkatların meydana çıxması üçün 5 əsas amilin bir arada olması zəruridir.

İndi bu amilləri Güney Azərbaycan problemi kontekstində incələyək.

1. Qazanc

Tilliyə görə, insanlar təkcə narazı olduqları üçün yox, həm də konkret mənfəət güddükləri, qazanc imkanı gördükləri üçün hərəkata başlayırlar. İranın əksər vətəndaşları kimi, Güney Azərbaycanda yaşayan soydaşlarımızın da hazırkı teokratik rejimdən kəskin narazı olduğu bir faktdır. Sosial-iqtisadi baxımdan İran infilyasiya üzrə tarixi rekordlara “imza atır”. Bütün 20-ci əsr boyu və yeni yüzildə Azərbaycan əyalətlərinə qarşı məqsədli şəkildə iqtisadi ayrıseçkilik aparılıb. Tehran hegomoniyası Təbriz başda olmaqla Güney Azərbaycanın bütün şəhər və qəsəbələrini, kəndlərini müflisləşdirib. 1979-80 illərin üsyanları göstərir ki, Güney Azərbaycan molla rejiminə tarixi etimadsızlığa malikdir. Güneydəki soydaşlarımızın milli kimlik, siyasi təmsilçilik, mədəni hüquqları ilə bağlı klerikal hakimiyyət irəliyə doğru heç bir addım atmamaqla birgə, xalqımıza qarşı təzyiqlərini ən amansız şəkildə şiddətləndirib.

Odur ki, teokratik rejimin aradan qalxması Güney Azərbaycanın istər kənd, istərsə də şəhər əhalisinə böyük iqtisadi qazanclar vəd edir. İrana qarşı sanksiyaların aradan qalxması, imzalanacaq beynəlxalq ticarət müqavilələri, turizm sektorunun genişlənməsi, bazarın liberallaşmanın gətirəcəyi digər çoxsaylı gəlirlər əhalinin rifah halına ciddi təsir göstərəcək. Güneyli soydaşlarımızın iqtisadi fəallığı yüksəkdir və bütün bunların fərqindədirlər, heç şübhəsiz.

Bu məqamda daha konseptual bir suala aydınlıq gətirməyimiz vacibdir. Mədəni və qismən siyasi muxtariyyət, federalizm və tam bağımsızlıq ssenariləri qazananların həm çevrəsini, həm də mənfəətlərini fərqli müəyyənləşdirir. “Elə bu səbəbdən də daha çox kimlər və daha çox nədən qazanacaq” sualı gündəmə gəlir. Qazancın daha çox çevrəsi və həcmini müstəqillik yarada bilər. Mərkəzdən asılılıq şəraitində qazananlar ancaq təyin edilmişlər olur və onların sayının məhdud olması qaçılmazdır. Federalizm variantında parçalanmış legitimlik regional imtiyazlı sinif meydana çıxarır. Rusiyada Tatarıstan nümunəsini xatırlayaq. Müstəqillik isə həm geniş kütlə, həm də milli elita deməkdir və bu amil qazanaların əhatə dairəsini tam geniş tutur. Toplumların tarixi öyrədir ki, daha geniş kütlə üçün daha böyük qazanc vəd edən ssenari mobilizasiyanın əsas ideoloji mərkəzinə çevrilir.

2. Təşkilat

Bəli, bu gün Güney Azərbaycanda hər hansı kütləvi hərəkatın məsuliyyətini öz üzərinə götürə biləcək təşkilat yoxdur. Diaspor qurumları parçalanıb, prosesin önünü aça biləcək mühacir liderlər də yoxdur. Mühacirətdəki liderlik boşluğu və bir-biri ilə əksər hallarda mənasız səbəblərdən rəqabət aparan qruplar prosesə xeyir verməkdən daha çox ziyan vururlar. İran daxilində isə totalitar və repressiv bir rejim var.

Vaxtilə Pəhləvilərin, səhv etmirəmsə, Möhsüni soyadlı bir naziri vardı. Göstəriş vermişdi ki, Güney Azərbaycanda ana dilində təhsil almaq istəyənlərin belinə eşşək palanı qoyub axura salsınlar. Molla rejiminin cəza aparatı milli mövqedən çıxış edənlərə qarşı daha qəddardır. Abbas Lisaninin başına gələnləri xatırlayaq.
İstənilən kütləvi hərəkatın bel sütunu təşkilatlardır. Səttarxan, Xiyabani, Pişəvəri, Şəriətmədari hərəkatlarının təcrübəsi göstərir ki, Güney Azərbaycan əhalisi qısa zamanda təşkilatlana bilir. Eyni zamanda, 1979/80-ci illərin üsyanları göstərir ki, təbrizlilər təşkilatlanmadan da meydana çıxmağa hazırdırlar.

Xatirinizdə olar, SSRİ-nin dağılması ərəfəsində Quzey Azərbaycanda da xüsusi təşkilat yox idi. “Çənlibel” kimi xırda dissident dərnəkləri dar çərçivədə müzakirə aparmaqdan ötə heç bir açıq siyasi şüar irəli sürə bilmirdilər. Hərəkatın liderləri və prosesin məsuliyyətini üzərinə götürən təşkilat meydanlarda formalaşdı. Bu təcrübənin həm müsbət, həm də bütün mənfi məqamları nəzərə alınmaqla, Güney Azərbaycan hərəkatına nikbin baxmalıyıq. Odur ki, hazırkı məqamda “təşkilat yoxdur” faktından öncə Quzey Azərbaycanda milli-azadlıq hərəkatını formalaşdıran sosial kapitala diqqət çəkmək lazımdır. Liderləri və hərəkatları məhz bu sosial kapital şəbəkələşmə sayəsində üzə çıxarır. Məsud Pezeşkianın İran prezidenti seçilməsi göstərdi ki, Cənubi Azərbaycan belə bir kapitala malikdir.

Hazırkı İran prezidenti Məsud Pezeşkianın Güney Azərbaycan hərəkatına liderlik etmək ehtimalını da tam istisna etmək olmaz. Lakin bütün ümidləri Pezeşkiana bağlamaq da yersizdir. Əsas diqqət ona yönəlməlidir ki, Təbrizin azadlıq meydanlarında vətənpərvər şəbəkələrin quracağı tribunalar təxribatçı populistlərin əlinə keçməsin, intellektual, modernist, sekulyar, Azərbaycan məfkurəli təcrübəli isimlərin ixtiyarında olsun.

Bu cür potensial liderlər varmı?

Əlbəttə, var!

Ən böyük ateistlər kilsədə yetişdiyi kimi, ən böyük modernistlər, sekulyarlar da dini ideologiyaya çevirmiş sistemlərdə üzə çıxır.

3. Səfərbərlik (Mobilization)

İranda obyektiv sosioloji tədqiqat aparmaq mümkünsüzdür. 1980-ci illərdə Bakıda kimə mikrofon uzadıb “SSRİ-dən ayrılmaq istəyirsinizmi” sualı ünvanlasalar, sərt şəkildə etiraz edər, ertəsi gün DTK-da izahat vermək istəməzdi, deyilmi? Odur ki, Güney Azərbaycanın səfərbərlik imkanlarına bədbin yanaşmaları bölüşmürəm. İranda insanların və resursların real hərəkatda birləşməsi önündə başlıca əngəl SEPAH-dır. Bu təkcə bizim üçün keçərli problem deyil. SEPAH-ın silahlı güc kimi zəifləməsi, hətta opponentlərimin iddiasına uyğun şəkildə tam əks variantı götürsək, güclənməsi (kütləvi etirazları bir çox hallarda da sərt repressiyalar doğruru) təkcə Güney Azərbaycanda yox, bütün İranda, o cümlədən farslar üçün azadlıq ideyası yeni zəmin qazanacaq. Əgər İranda yeni təmayüllər üzə çıxırsa, Təbrizin bu prosesi kənardan izləməsi nəinki ağlabatandır, hətta təhlükəlidir. Prosesin Təbrizdən başlaması və ya başlamaması ikinci dərəcəlidir. Təkanverici amil budur ki, bütün İranda olduğu kimi, Güney Azərbaycanda səfərbərlik potensialı latent formada mövcuddur və yalnız uyğun siyasi fürsət anında açıq mobilizasiyaya çevrilə bilər.

Bu yöndə subyektiv qəti fikrim budur ki, teokratik rejim tarix səhnəsindən silinməyə məhkumdur. Fərqindəyəm ki, bu qənaətim konseptual üslub baxımdan daha yumşaq ifadə edilməli idi, amma əfvinizə sığınaraq, bu proqnozumu çox da uzun olmayacaq zamana həvalə edək. Bu öndən baxışda heç də ABŞ və İsrailin apardığı hərbi əməliyyatın birbaşa nəticələrini nəzərdə tutmuram. Rejim kapitulyasiya bəyanatının nəticəsi kimi dəyişməyə və yerində qala bilər. Lakin SSRİ-də Kommunist Partiyası özünü buraxdığı kimi, gec-tez hakimiyyəti təhvil verməlidir ona görə ki, post-müharibə dövründə ölkənin toparlanmasına heç bir töhfə vermək imkanı yoxdur- məqalənin başındakı qazanc məsələsinə dönərək prosesə baxaq.

İranda işğal rejimi qurula, hərbi çevrilişlər ola, yaxud daha rasional bir transformasiya sistemi yaradıla bilər. Deməli, burada əsas götürülməli istinad heç mənim subyektiv qənaətim də deyil. Əsas elmi baxış bucağı budur ki, istər cari müharibə, istərsə də 47 illik dərin daxili böhran nəticəsində mərkəzi hakimiyyətin tənəzzülü İran üçün yeni siyasi fürsətlər silsiləsi yaradır.

Ancaq bütün hallarda rejimin ləğvi üçün İranın hazırkı konstitusiyası qüvvədən düşməli, yeni Ana Yasa layihəsi müzakirəyə çıxarılmalıdır. Yeni Güney Azərbaycan hərəkatının başlanğıc nöqtəsini də məhz bu olayda axtarmaq lazımdır. Mobilizasiya üçün həm mədəni, həm sosial media, həm də siyasi imkanlar məhz bu dönəmdə genişlənəcək. Bu, “tarixi şərait” dediyimiz şərtlər toplusunun tam özüdür.

4. Fürsət (Opportunity)

Quzey Azərbaycanın istiqlal düşüncəsinin önünü Rusiyada çar hakimiyyətinin 1917-ci ildə devrilməsi açdı. Romanovların taxtının laxladan isə Rusiyanın Birinci Dünya Müharibəsində məğlub edilməsi oldu. İndi İran, müəyyən mənada, 1917-ci ilin əvvəllərindədir. Teokratik rejim ABŞ-a məğlub olmağa məhkumdur. Bunun əksini düşünmək ya sadəlövhlük, ya da İran, Rusiya, Türkiyə mediasının, həmçinin anti-Trampçı qərb mediasının yaydığı narrativlərin təsir altına düşmək deməkdir. Fərqindəyəm ki, İran rejiminin çöküşü fərqli ssenarilər üzrə baş verə bilər, hətta silahlı qüvvələr parçalanaraq vətəndaş müharibəsi də sala bilərlər. Hər şeyi indidən proqnozlaşdırmaq mümkün deyil, təbii.

Lakin 3 məsələ dəqiqdir.

Birincisi, savaş nəticəsində Tehranda mərkəzi hakimiyyət- istər hazırkı, istər post-klerikal rejim- son dərəcə zəifləyəcək. Mərkəz zəifləyəndə əyalət baş qaldırır. Ən tipik nümunə Nadir şah dövründə Azərbaycan xanlıqlarının müstəqilləşmə tendensiyasıdır.

İkincisi, İranın aqibəti ilə bağlı müzakirələrdə həm elita, həm də kütlələr parçalanacaq. Bu parçalanma daha çox milli mənsubiyyət faktoru üzərindən gerçəkləşəcək.

Üçüncüsü, 20-ci əsrdə Güney Azərbaycanın azadlıq uğrunda etdiyi 4 əsas cəhdi uğursuz edən əsas faktor- “dayaq dövlət” olmaması faktı indi keçərli deyil. Odur ki, Güney Azərbaycan xalqının öz milli müqəddəratını təyin etmək haqqını kimsə qəsb edə bilməz.

5. Hərəkatın özü (Collective Action)

Güney Azərbaycanda hərəkatın çox ciddi simptomları var. Dəfələrlə lokal etirazlar baş verib. Bu etirazlar əsasən ekoloji və digər sosial məsələlərlə bağlı olub, lakin milli kimlik tələbləri kütləvi siyasi hərəkat səviyyəsinə qalxmayıb. Səbəbi isə budur ki, rejimin repressiv aparatı sosial narazılıqlarla siyasi məqsədlərin çuğlaşmasını əngəlləyib. Lakin başqa bir önəmli səbəb də var. Babək qalasına yürüşləri yada salanda görəcəyik ki, Güney Azərbaycan hərəkatı öz paradiqmasını determinist amillər sayəsində yeniləmə meylindədir. Yeni situasiya tələb edən yeni paradiqma labüd edir ki, Güney hərəkatı Azərbaycançı, istiqlalçı, sekulyar və milli demokratik olsun, beynəlxalq arenada dəstəklənsin. Güney Azərbaycanda başlayacaq hərəkatın uğuru onun ideoloji çərçivəsinin nə dərəcədə inklüziv və mobilizasiyaedici olmasından asılıdır. İdeoloji çərçivə nə qədər daha çox azərbaycanlı sosial qrupları əhatə edərsə, hərəkatın davamlılıq və legitimlik ehtimalı bir o qədər artır.

ABŞ-ın İranla savaşı Güney Azərbaycana özü-özlüyündə heç bir xüsusi imtiyaz tanımır. Sadəcə, müharibənin nəticələri tarixi fürsət yaradır. Bu fürsətin reallaşmasında ən böyük məsuliyyət, heç şübhəsiz, Güney Azərbaycan xalqının öz üzərinə düşür.

1917- ci ildə Bakıda və Moskvada keçirilən müsəlman qurultaylarında Azərbaycan ictimai fikir müəssisəsi milli muxtariyyət hədəfi elan edəndə, konservativ qüvvələr bu məqsədin islam və türk dünyasını parçalayacağını söyləyirdilər. Lakin tarix sübut etdi ki, yeganə doğru yol elə Azərbaycanın istiqlalı imiş. İndi Güney Azərbaycan üçün də oxşar iradlar səslənəcək. “İranı bölmək yox, İrana hakim olmaq lazımdır” kimi heç bir tutarlılığı olmayan bəyanatlarla psevdo şüarlar səsləndirənləri artıq müşahidə edirik. Bu, qurdla quzunun naharda nə yeyəcəklərini müzakirəyə etməsinə bənzəyir. Benjamin Franklin demiş, azadlıq bu müzakirəyə qarşı çıxmaq iradəsidir. Bu iradə spontan reflekslərin deyil, struktural amillərlə tarixi və müasir faktorların kəsişməsində formalaşan dialektik prosesdir.

Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru