"Xəzərdə mümkün zərbələrin ekoloji təsiri məhdud qiymətləndirilir" – Sadiq Həsənov

1 Aprel 2026 21:15 (UTC+04:00)

"Xəzər dənizində İran donanmasına məxsus gəmilərin raket və ya bomba zərbələri ilə hədəfə alınmasının ekoloji mühitə ciddi təsir göstərəcəyi o qədər də ehtimal olunmur. İlk növbədə qeyd edilməlidir ki, İranın Xəzərdəki hərbi-dəniz mövcudluğu geniş deyil. Mövcud açıq mənbələr tam dəqiq olmasa da, bu donanmanın təxminən 30–40 gəmi civarında olduğu ehtimal edilir. Bu gəmilərin məhv edilməsi müəyyən lokal ekoloji təsirlər yarada bilər, xüsusilə İran sahillərinə yaxın zonalarda. Nəticədə suya kimyəvi maddələrin qarışması, yanacaq sızmaları, bəzi dəniz canlılarının məhv olması və karbon emissiyalarının artması kimi fəsadlar müşahidə oluna bilər".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Qeyd edək ki, Xəzər dənizində hərbi obyektlərin və donanmaların sıradan çıxarılması ekoloji baxımdan müəyyən risklər yarada bilər. Bu proses zamanı yanacaq və müxtəlif kimyəvi maddələrin suya qarışması, dəniz suyunun çirklənməsi və canlıların təbii yaşayış mühitinin pozulması ehtimalı mövcuddur. Bunun nəticəsində biomüxtəlifliyin zəifləməsi, balıq ehtiyatlarının azalması və dəniz ekosistemində tarazlığın dəyişməsi kimi fəsadlar ortaya çıxa bilər.

Ekoloq qeyd edib ki, bununla belə, uzunmüddətli perspektivdə həmin təsirlərin Xəzər dənizinin ümumi ekosisteminə ciddi və genişmiqyaslı zərbə vuracağı ehtimal olunmur.

"Yəni, bu proseslər nə dənizin bioloji resurslarını köklü şəkildə zədələyəcək, nə də ekoloji balansı tamamilə dəyişəcək səviyyədə deyil. Eyni zamanda, əgər həmin donanma tamamilə sıradan çıxarıldıqdan sonra hərbi əməliyyatlar dayandırılarsa, ekoloji risklər də tədricən aradan qalxa bilər. Çünki bu kontekstdə əsas faktor davamlı və genişmiqyaslı hərbi fəaliyyətin olmamasıdır. Xəzər dənizində hərbi-dəniz güc balansı əsasən Rusiya Federasiyasının üstünlüyü ilə xarakterizə olunur. Rusiyanın Xəzər flotiliyası say və döyüş qabiliyyəti baxımından regionda ən güclü hərbi-dəniz mövcudluğa malikdir. Azərbaycan isə Xəzər hövzəsində nisbətən modernləşdirilən və orta səviyyəli hərbi-dəniz potensialına sahib ölkə kimi çıxış edir. Qazaxıstan və Türkmənistanın hərbi-dəniz qüvvələri isə əsasən sahil mühafizəsi və məhdud operativ imkanlarla xarakterizə olunur. Əgər bütün sahilyanı dövlətlərin böyük hərbi donanmaları eyni vaxtda və kütləvi şəkildə zərər görsəydi, bu halda ekoloji fəlakət riski daha real və ciddi ola bilərdi. Lakin İranın Xəzərdəki nisbətən məhdud hərbi mövcudluğu nəzərə alındıqda, təsirin lokal və qısamüddətli xarakter daşıyacağı ehtimal olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az