"Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistanda kilsə dövlət içində dövlət rolunu oynayır. Ermənistanda kilsənin həm iqtisadi, həm siyasi, həm də ideoloji gücü mövcuddur. Hələ erməni cəmiyyəti və dövləti formalaşmazdan xeyli əvvəl kilsə bu toplumun idarəedici mərkəzlərindən biri olub. Bu baxımdan kilsənin dərin tarixi kökləri və ciddi təsir imkanları var. Ermənistanda hazırda yaşanan gərginlik təkcə kilsə məsələsi ilə məhdudlaşmır. Ermənistan tarixən tam suveren siyasi iradəyə malik dövlət kimi formalaşmayıb, daha çox böyük güclərin təsir vasitəsinə çevrilərək idarə olunub. Hazırkı proseslər də müəyyən mənada Ermənistan daxilindəki müxtəlif güc mərkəzləri arasında gedən mübarizənin nəticəsidir. Xüsusilə erməni lobbisinin Qərb və Rusiya qanadları arasında ziddiyyətlər bu gərginliyi daha da dərinləşdirir. Kilsə uzun illər ərzində erməni ideoloji sisteminin formalaşmasında əsas mərkəz rolunu oynayıb və bu ideologiyanın həyata keçirilməsində istiqamətverici qüvvə olub. Bu gün kilsə ilə hakimiyyət arasında yaranan qarşıdurma həm ideoloji, həm də siyasi fərqlərdən qaynaqlanır. Çünki kilsə tarixən “Böyük Ermənistan” ideyasının daşıyıcılarından biri kimi çıxış edib".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi mübarizə kəskinləşib və bu proses təkcə partiyalar arasında deyil, həm də cəmiyyətin müxtəlif institutları səviyyəsində müşahidə olunur. Xüsusilə kilsə ilə hakimiyyət arasında artan gərginlik diqqət mərkəzindədir. Erməni keşiş Armen Melkonyanın fikirləri də bu qarşıdurmanın daha dərin xarakter aldığını göstərir. Onun iddiasına görə, bəzi kilsə strukturları siyasiləşərək müxalif qüvvələrin təsiri altına düşüb və bu, ölkədaxili sabitliyə mənfi təsir göstərir. Onun sözlərinə görə, kilsə daxilində müəyyən proseslər ictimai rəyə təsir göstərir və siyasi gərginliyi artırır.
Siyasi şərhçi qeyd edib ki, hazırkı hakimiyyət, xüsusilə 44 günlük müharibədən sonra regionda formalaşan yeni reallıqları qəbul edərək siyasətini buna uyğun şəkildə tənzimləməyə çalışır.
"Nikol Paşinyanı hakimiyyətə gətirən Qərb mərkəzləri də Cənubi Qafqazda yeni siyasi balans formalaşdırmaq istəyir. Bu siyasət müxtəlif istiqamətlərdə özünü göstərir: Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, Rusiyanın regiondakı təsirinin zəiflədilməsi və Ermənistanın Moskvanın təsir dairəsindən çıxarılması cəhdləri bunun tərkib hissəsidir. Kilsə ilə hakimiyyət arasında yaranan qarşıdurma yalnız ideoloji deyil, eyni zamanda açıq siyasi xarakter daşıyır. Paşinyan 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlara uyğunlaşmağa çalışır. Bu kontekstdə Ermənistanın gələcəkdə müstəqil və suveren dövlət kimi mövcudluğu üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması vacib hesab olunur. Nəqliyyat və kommunikasiya xətlərinin açılması Ermənistanın regional iqtisadi inteqrasiyası üçün əsas şərtlərdən biridir. Eyni zamanda Ermənistan Avropaya inteqrasiya kursunu davam etdirmək istəyir və bu baxımdan Türkiyə ilə sərhədlərin açılması strateji əhəmiyyət daşıyır. Çünki Türkiyə vasitəsilə Ermənistan Qərb iqtisadi sisteminə daha rahat inteqrasiya edə bilər. Paşinyan tərəfindən tez-tez “real Ermənistan” konsepsiyası gündəmə gətirilir. Bunun qarşısında isə kilsə daha çox tarixi-simvolik “Böyük Ermənistan” ideyasını qorumağa çalışır. Hazırkı proseslər həm də Ermənistan daxilində müxtəlif lobbi qruplarının maraq toqquşması kimi qiymətləndirilir. Eyni zamanda qarşıdan gələn parlament seçkiləri fonunda siyasi mübarizənin daha da kəskinləşəcəyi gözlənilir. Paşinyan Qərb institutlarından siyasi və iqtisadi dəstək almağa çalışır və bu da daxili siyasi balansı dəyişir. Ermənistan cəmiyyətində isə “hakimiyyətin mənbəyi xalqdır” prinsipi müəyyən mənada sınaqdan keçir. Əgər Qərb açıq şəkildə Paşinyana dəstəyini artırsa, onun hakimiyyətdə qalma ehtimalı da güclənə bilər. Lakin buna baxmayaraq, ölkə daxilində kilsənin və müxtəlif güc mərkəzlərinin təsiri hələ də ciddi olaraq qalır. Paşinyanın Moskva ilə münasibətləri balanslaşdırmaq cəhdləri də diqqət çəkir. Rusiya ilə aparılan danışıqlar Ermənistan daxilindəki gərginliyi azaltmaq və müxtəlif lobbi qruplarını neytrallaşdırmaq məqsədi daşıya bilər. Lakin ümumi kurs Qərbə inteqrasiya yönümlü olduğu üçün bu, Rusiyanın strateji maraqları ilə ziddiyyət təşkil edir. Ermənistanın KTMT daxilində mövqeyi və bəzi platformalardan uzaqlaşması da bunu göstərir. Ümumilikdə Ermənistanda kilsə ilə siyasi hakimiyyət arasındakı qarşıdurma dərin və çoxqatlı xarakter daşıyır. Bu proses ölkənin gələcək siyasi taleyinə birbaşa təsir edə biləcək əsas faktor kimi çıxış edir. Əgər radikal və avantürist siyasi qüvvələr güclənərsə, bu, Cənubi Qafqazda yeni gərginlik mərhələsinə səbəb ola bilər. Bu halda regionda sabitlik ciddi şəkildə risk altına düşə bilər. Belə bir ssenari Ermənistan-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək və mövcud əməkdaşlıq və normallaşma proseslərini zəiflədə bilər. Bununla belə, hazırkı mərhələdə müəyyən iqtisadi və kommunikasiya əməkdaşlığı elementləri müşahidə olunur. Azərbaycan ərazisindən Ermənistan yüklərinin tranziti, enerji və digər məhsulların tədarükü kimi məsələlər də bu əməkdaşlığın tərkib hissəsidir. Bu isə regionda müəyyən siyasi və iqtisadi çevikliyin formalaşdığını göstərir. Ermənistanda kilsə ilə siyasi hakimiyyət arasındakı qarşıdurma yaxın dövrdə daha da kəskinləşə və ölkənin daxili siyasi balansına ciddi təsir göstərə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az