Tramp xalqa müraciətində nələr söylədi? - SON DƏQİQƏ

2 Aprel 2026 06:09 (UTC+04:00)

ABŞ-İsrail-İran müharibəsinin ilk ayının tamamlandıqdan sonra prezident Donald Tramp Ağ evdə xalqa müraciət edib.

AzNews.az ABŞ Prezidenti Donald Trampın çıxışından maraqlı məqamları təqdim edir:

"DAHA ÇOX ZƏRBƏ VURACAQ"

ABŞ prezidenti Donald Tramp ABŞ-ın yaxın iki-üç həftə ərzində İrana qarşı "son dərəcə sərt" hücumlar həyata keçirəcəyini bildirib. Bu açıqlama müharibənin tez bir zamanda bitəcəyinə dair gözləntiləri əhəmiyyətli dərəcədə zəiflədib.

Tramp deyib:" Növbəti iki-üç həftə ərzində onlara son dərəcə sərt zərbələr endirəcəyik. Onları aid olduqları yerə, "daş dövrü"nə qaytaracağıq".

Gərginliyin artmasına baxmayaraq, Tramp "danışıqların davam etdiyini" bildirərək diplomatik həll ehtimalının tamamilə istisna edilmədiyini vurğulayıb.

"GEDİN VƏ HÖRMÜZ BOĞAZINI GƏTİN!"

Tramp İran tərəfindən faktiki olaraq bağlanmış Hörmüz boğazına nəzarəti bərpa etmək məsuliyyətini digər ölkələrə həvalə edib. O, Körfəz neftini idxal edən ölkələrə müraciət edərək deyib: “Gecikmiş cəsarət göstərin. Bunu əvvəllər etməli idiniz, bizimlə birgə etməli idiniz. İndi isə boğaza gedin, onu ələ keçirin və qoruyun”.

"İŞİ BİTİRƏCƏYİK"

Tramp əməliyyatların davam edəcəyini vurğulayaraq "Bu məsələni bitirəcəyik, sona çox yaxınıq" deyib.

ABŞ prezidenti həmçinin Yaxın Şərqdəki müttəfiqlərinə təşəkkür edib: “İsrail, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Bəhreyn fantastik idilər. Biz onların heç bir şəkildə uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”.

"BENZİN QİYMƏTLƏRİ ARTIB, AMMA BU, MÜVƏQQƏTİDİR"

Tramp ABŞ-da benzin qiymətlərinin müharibədən əvvəlki səviyyələrlə müqayisədə 25 faizdən çox artdığını etiraf etsə də, bunun müvəqqəti olduğunu iddia edib.

Tramp bildirib ki , "Bir çox amerikalı benzin qiymətlərinin artmasından narahatdır. Bu qısamüddətli artım tamamilə İran rejiminin kommersiya neft tankerlərinə hücumlarının nəticəsidir".

O əlavə edib ki, bu, İrana etibar edilə bilməyəcəyini göstərir.

"BİZ STRATEJİ MƏQSƏDLƏRİMİZƏ NAİL OLMAĞA YAXINLAŞIRIQ"

Tramp əməliyyatların İranın hərbi imkanlarını sarsıtdığını iddia edib: "Bu addımlar İranın hərbi gücünü sarsıdacaq, onun proksi qüvvələri dəstəkləmək qabiliyyətini məhv edəcək və nüvə silahı inkişaf etdirməsinin qarşısını alacaq" .

Tramp İran donanmasının məhv edildiyini və ölkənin ümumi hərbi gücünün ciddi şəkildə zəiflədildiyini bildirib:

“Raket və PUA-ların buraxılış imkanları kəskin şəkildə azalıb. Silah fabrikləri və raket buraxılış məntəqələri məhv edilir, çox az sayda qalıb”

Tramp İranın donanmasının məhv edildiyini, hava qüvvələrinin viran qoyulduğunu və rəhbərliyinin əksəriyyətinin öldürüldüyünü söyləyərək ABŞ-ın böyük bir qələbə qazandığını açıqlayıb.

"İran nüvə silahı əldə etmək üzrə idi"

Tramp İranın nüvə proqramından imtina etmədiyini və uzun mənzilli raket imkanlarını sürətlə inkişaf etdirdiyini bildirib. O, İranın nüvə silahı istehsal etmək ərəfəsində olduğunu iddia edib .

Tramp bildirib ki, bu çıxışla İrana qarşı əməliyyatın ABŞ və dünyanın təhlükəsizliyi üçün nə üçün zəruri olduğunu izah etmək istəyir.

Son 47 ilin hadisələrini öz baxış bucağından sadalayan Tramp İran rejimini "tiran " adlandırıb. O, həmçinin ölkədəki etirazların son zamanlar yatırılması nəticəsində minlərlə insanın həyatını itirdiyini vurğulayıb.

Tramp deyib: "Bu cür liderlərin nüvə silahı əldə etməsinə icazə verilməməlidir. Mən bunun baş verməsinə heç vaxt icazə verməyəcəyəm".

AzNews.az