Nizami Kino Mərkəzinin fasadına müdaxilə aradan qaldırılıb, ilkin görünüş bərpa olunub.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb.
"Aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar. Görülən tədbirlərin nəticəsində qısa müddətdə həmin barbarlıq aktının nəticələri aradan qaldırılıb. Artıq binanın fasadının ilkin görünüşü bərpa olunub.
Bir daha xatırladırıq ki, Nizami Kino Mərkəzinin binası dövlət tərəfindən mühafizə edilən, paytaxtın memarlıq mənzərəsinə xüsusi görkəm verən tarixi abidələrdən biridir. Abidələrin qorunması isə həm mənəvi borcumuz, həm də Azərbaycan Respublikasının qanunvericiliyinin tələbidir", - deyə məlumatda qeyd edilib.