"ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı sərt açıqlamaları yalnız Vaşinqtonla alyans arasında taktiki fikir ayrılığını deyil, eyni zamanda transatlantik təhlükəsizlik sistemində daha dərin strateji ziddiyyətlərin formalaşdığını göstərir. ABŞ administrasiyası hesab edir ki, alyans üzvləri Vaşinqtonun İranla bağlı siyasətinə lazımi səviyyədə siyasi və hərbi dəstək vermir. Xüsusilə Hörmüz boğazının açıq saxlanılması, İranın regional təsir imkanlarının məhdudlaşdırılması və Tehran üzərində təzyiq mexanizmlərinin gücləndirilməsi məsələlərində Avropa ölkələrinin ehtiyatlı mövqeyi Ağ Evdə narazılıq doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, bu vəziyyət NATO daxilində ABŞ-nin lider rolunun tam zəifləməsi demək deyil, lakin onun əvvəlki kimi mübahisəsiz və dominant aktor kimi qəbul olunmadığını göstərir. Soyuq müharibədən sonra NATO-nun təhlükəsizlik gündəliyini əsasən Vaşinqton müəyyənləşdirirdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı açıqlamaları alyans daxilində fikir ayrılıqlarının dərinləşdiyini göstərir. Reuters-in məlumatına görə, Tramp NATO üzvlərinin ABŞ-nin İrana dair siyasətinə kifayət qədər dəstək vermədiyini bildirib və bundan narazılığını ifadə edib. O, həmçinin Vaşinqtonun səyləri nəticəsində Tehranın nüvə silahı əldə etməsinin qarşısının alındığını qeyd edib. Bu fonda NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona planlaşdırılan səfəri də diqqət çəkir. Səfər Trampın müttəfiqləri İran məsələsində passivlikdə ittiham etməsindən sonra baş tutur. Tramp müttəfiqlərin İrana qarşı mümkün hərbi addımlara yetərincə dəstək vermədiyini deyərək NATO daxilində əməkdaşlığın perspektivlərini sual altına alıb və ABŞ-nin alyansdan çıxmaq ehtimalını da gündəmə gətirib.
Siyasi şərhçi qeyd edib ki, son illərdə Avropa ölkələri “strateji muxtariyyət” ideyasını daha qabarıq şəkildə ön plana çıxarırlar.
"Avropa dövlətləri hesab edirlər ki, NATO ilk növbədə Avro-Atlantik məkanın müdafiəsi üçün yaradılıb və alyansın Orta Şərqdə, xüsusilə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunması onun əsas missiyasından kənardır. ABŞ üçün İran Orta Şərqdə əsas təhlükə mənbəyi hesab olunur. Avropa ölkələri isə İranı daha çox regional problem kimi qiymətləndirir və onların təhlükə gündəliyində prioritet məsələlər Rusiya, enerji təhlükəsizliyi, miqrasiya axınları və Ukrayna böhranıdır. Məhz bu baxımdan yanaşdıqda, rəsmi Vaşinqtonun İran üzərində hərbi təzyiq siyasəti Avropa üçün eyni dərəcədə həyati təhlükə kimi qəbul edilmir. Digər tərəfdən, ABŞ alyansı daha çevik və qlobal hərbi platforma kimi görmək istəyir. Avropa ölkələri isə NATO-nun əsasən müdafiə xarakterli təşkilat olaraq qalmasına üstünlük verirlər. Digər mühüm məsələ isə siyasi etimad böhranıdır. Donald Tramp uzun müddətdir ki, NATO üzvlərini ABŞ-dən asılı olmaqda və Vaşinqtonun təhlükəsizlik maraqlarına kifayət qədər cavab verməməkdə ittiham edir. Onun NATO-dan çıxmaq ehtimalını açıq şəkildə gündəmə gətirməsi və bəzi Avropa dövlətlərini “pis müttəfiq” adlandırması da alyans daxilində qarşılıqlı inamı ciddi şəkildə zəiflədir. Bununla belə, hadisələrin inkişaf xronikası əksini göstərsə də, ABŞ-nin NATO-dan real çıxışı yaxın perspektivdə ehtimal olunmur. Birincisi, ABŞ Konqresi 2023-cü ildə qəbul edilən qanunla prezidentin Senatın üçdə iki səsi və ya Konqresin ayrıca qərarı olmadan NATO-dan çıxmasını məhdudlaşdırıb. İkincisi, ABŞ hərbi-sənaye kompleksi, Pentaqon və təhlükəsizlik bürokratiyası NATO-nu Vaşinqtonun qlobal güc proyeksiyasının əsas alətlərindən biri hesab edir. Üçüncüsü, ABŞ-nin NATO-dan çıxması ən çox Çin və Rusiyanın maraqlarına xidmət edə bilər, çünki bu addım Qərbin təhlükəsizlik sistemində ciddi boşluq yaradar. NATO-nun baş katibi Mark Ruttenin Vaşinqtona planlaşdırılan səfəri də məhz bu böhranı yumşaltmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu səfərin əsas məqsədi ABŞ administrasiyasını alyans daxilində saxlamaq, Avropa ölkələrinin təhlükəsizlik öhdəliklərini artırmaq və İran məsələsində tam olmasa da, müəyyən koordinasiya formulu tapmaq olacaq. Lakin mövcud proseslər göstərir ki, NATO daxilində əvvəlki kimi tam siyasi birlik artıq yoxdur və alyans getdikcə daha çox fərqli regional maraqların toqquşduğu platformaya çevrilir".
Rəfiqə Namazəliyeva,
AzNews.az