"Yaxın Şərqdəki müharibə Ukrayna danışıqlarını kölgədə qoyur" – Zaur İbrahimli

2 Aprel 2026 20:19 (UTC+04:00)

"ABŞ–İsrail–İran müharibəsi, Rusiya–Ukrayna müharibəsində atəşkəs əldə olunması ilə əlaqədar aparılan diplomatik fəaliyyətləri arxa plana keçirib və eyni zamanda Rusiyanın əlavə maliyyə vəsaitləri əldə etməsi, Vaşinqtonun Rusiyaya tətbiq olunan sanksiyaların bir hissəsini müvəqqəti olaraq geri götürməsi Kremlin komandasının danışıqlara yanaşmasını dəyişib. Açıq görünür ki, Kremlin komandası o qənaətə gəlib ki, Ukraynaya tələblərdə heç bir güzəştə getmək lazım deyil, tələbləri yumşaltmaq lazım deyil. Bunun alternativi kimi də hələ bir müddət davam etməsi perspektivi nəzərdən keçirilir. Kremlin və ona yaxın ekspertlərin açıqlamalarının analizi onu deməyə əsas verir ki, hesab olunur indi əldə olunan maliyyə resursları və sanksiyaların götürülməsi, Tramp administrasiyasının davranışları imkan verəcək ki, hərbi əməliyyatların aparılması üçün resurs bazası yaradılsın. Bu yanaşma atəşkəsin əldə olunmasına qədər danışıqlara da öz təsirini göstərir. Rusiyanın eyni zamanda cəbhə xətti boyu hücumları artırması ikiqat təzyiq xarakteri daşıyır və Kreml göstərmək istəyir ki, bu, hər iki variant üçün hazırdır. Həm diplomatik danışıqları aparmaq iqtidarındadır və eyni zamanda paralel olaraq hərbi əməliyyatları da əvvəlki intensivliklə apara biləcək. Bu günlərdə Rusiya Prezidentinin mətbuat xidməti çox açıq şəkildə qeyd etdi ki, Ukraynadan gözlənilən əsas güzəşt Donbas bölgəsinin boşaldılması və Rusiyaya təhvil verilməsi deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Zaur İbrahimli deyib.

Qeyd edək ki, Ukraynada son hərbi aktivliyin artması yalnız taktiki vəziyyəti dəyişmir, həm də beynəlxalq siyasi balanslara birbaşa təsir göstərir. Cəbhədə formalaşan yeni reallıq böyük güclər arasında onsuz da həssas olan münasibətləri daha da gərginləşdirir və xüsusilə NATO ilə Rusiya arasında qarşıdurmanın dərinləşməsi riskini artırır. Paralel olaraq hərbi ritorikanın sərtləşməsi və diplomatik kanalların məhdudlaşması göstərir ki, tərəflər getdikcə daha sərt mövqelərə çəkilir. Bu isə mövcud böhranın yaxın perspektivdə yumşalmasından çox, qeyri-müəyyən və riskli ssenarilər üzrə inkişaf ehtimalını gücləndirir.

Siyasi şərhçi qeyd edib ki, Ukrayna bu şərtlərlə heç bir halda razılaşmır və hazırda davam edən ABŞ–İsrail–İran müharibəsi Ukraynaya veriləcək təhlükəsizlik təminatları məsələsini də tamamilə arxa plana keçirib.

"Aydın görünür ki, hazırda ABŞ İranla müharibədə razılıqlar əldə etməsə və yaxud da atəşkəs olunmasa, bu məsələyə qayıtmaq istəmir. Hətta atəşkəs olunsa belə, dərhal Ukrayna ilə bağlı təhlükəsizlik təminatlarının müzakirə olunacağı ağlabatan görünmür. Ukrayna isə ilk növbədə məhz ona veriləcək təhlükəsizlik təminatları müəyyənləşəndən sonra güzəştləri nəzərdən keçirməyə hazır olduğunu bildirir. Ukrayna artıq son bir ildə bu mövqeyindən geri çəkilməyib və güman etmək olar ki, rəsmi Kiyevin yanaşması belə olaraq qalacaq. Ukraynanın dəstəklənməsi ilə bağlı əsas missiya məhz Avropa İttifaqı ölkələrinin üzərinə düşür. Baxmayaraq ki, Avropa İttifaqı ölkələri arasında bununla bağlı müəyyən fikir ayrılıqları var. Lakin Avropa İttifaqının aparıcı ölkələri bu məsələdə vahid mövqedən çıxış edirlər. Güman etmək olar ki, Ukraynaya dəstək davam edəcək. O cümlədən, Ukrayna öz hərbi potensialını da gücləndirir və Ukraynanın yeni dron texnologiyaları Rusiyanın hücumlarının o qədər də uğurlu olmamasına imkan verir. Rusiya təbliğatını bir kənara qoysaq, real rəqəmlər göstərir ki, Rusiya ordusunun irəliləmə tempi çox aşağıdır və vəziyyət belə davam edərsə, strateji dönüş əldə olunması perspektivi görünmür. Bu, daha çox müharibə aparmaq xatirinə müharibə aparmaq strategiyası ortaya qoyur. Çünki son bir ildə Rusiya tərəfindən aparılan hərbi əməliyyatlar heç bir strateji dönüşə imkan verməyib və yaxın perspektivdə, əgər Ukraynanın dəstəklənməsi indiki tempdə davam etsə, Rusiya qüvvələrinin bu imkanı əldə edəcəyi şübhə doğurur. Burada əsas amil Avropa İttifaqının mövqeyi, onun qətiyyəti və Ukraynanı dəstəkləmək potensialıdır. Hələlik Avropa İttifaqının aparıcı ölkələri, xüsusən Britaniya, Almaniya və Fransa bu məsələdə qəti mövqedən çıxış edirlər. Onlar bu mövqeni davam etdirsə, Ukrayna müdafiə potensialını qoruyub saxlayacaq və biz hərbi əməliyyatların indiki ssenari üzrə davam etməsinin şahidi olacağıq. Hələlik Rusiyanın Avropa ölkələrinə qarşı açıq hərbi əməliyyatlara keçməsi ehtimalı aşağı qiymətləndirilir. Rusiya bu istiqamətdə hərəkət etsə və Avropa İttifaqı ölkələrinə qarşı açıq hərbi əməliyyatlara başlasa, bu, eskalasiyanın yeni bir mərhələsi olacaq. Belə olan halda, əlbəttə, həm Rusiya, qonşu regionlar, həm də Avropa İttifaqı ilə əməkdaşlıq edən ölkələr təsirlənəcək. Cənubi Qafqaz da bu qarşıdurmadan kənarda qala bilməyəcək. Nəzərə alsaq ki, Cənubi Qafqaz Avropa İttifaqı üçün Mərkəzi Asiya və Çinlə əsas nəqliyyat qovşaqlarının birləşdiyi region kimi nəzərdən keçirilir. Gələcək perspektivdə də, hazırda olduğu kimi, Avropa İttifaqının təbii qaz təchizatının nəzərəçarpacaq hissəsi Azərbaycan qazı vasitəsilə məhz Cənubi Qafqazdan təmin olunur. Əlbəttə, qeyd etdiyimiz eskalasiyanın yeni mərhələsində bu cür ticarət və iqtisadi əməkdaşlıq ciddi çağırışlarla üz-üzə qala bilər. Lakin qeyd olunan gərginliyin məhz belə daha radikal mərhələyə keçməsi ehtimalı hələlik aşağı qiymətləndirilir".

Rəfiqə Namazəliyeva,

AzNews.az