"Yeni savaş modeli formalaşır: qaydalar yenidən yazılır" – Qədir Aslan

2 Aprel 2026 22:01 (UTC+04:00)

"Onu demək lazımdır ki, yeni növ savaş aparılır. Tarix boyu savaşların növü dəyişdikcə, ordular və texnologiyalar inkişaf etdikcə yeni arxitektura formalaşıb, dövlətlərarası münasibətlər isə dərhal yenilənib. Bu, Çingizxan yürüşlərində də belə olub, Napoleon yürüşlərində də belə olub, 1-ci və 2-ci dünya müharibəsindən sonra da eyni tendensiya müşahidə edilib. Hər dəfə əsas dəyişdirici komponent texnologiya olub. Hazırda ABŞ-nin də yeni texnologiyalar, supersilahlar və əvvəlki razılaşmalara məhəl qoymayan bir savaş apardığını görürük. Əvvəllər yazılmamış belə bir qayda var idi ki, savaş zamanı rəhbər heyətə zərbələr endirilməməlidir. Amma hazırda görürük ki, rəhbərlik hədəf alınır, bəzən oğurlanır, bəzən yerindəcə məhv edilir və proses birbaşa idarəetmə səviyyəsində həll olunur. Yəni məsələ sıravi əsgərlərə qədər uzanmadan artıq yuxarı mərhələdə həllini tapır. Bu isə dövlətlərin, xüsusilə regional güclərin öz təhlükəsizlik və milli təhlükəsizlik konsepsiyalarını, eləcə də hərbi doktrinalarını yenidən nəzərdən keçirməsini tələb edir. Həmçinin müdafiə icmallarının da yenilənməsi zərurətə çevrilir və mən bunu idarə olunan bir proses kimi qiymətləndirirəm. Çünki heç kimin tam gözləmədiyi bir şəkildə proseslər inkişaf edir və atılan addımlar hər gün, hər həftə yeni sürprizlər yaradır. Bu mənada, nə ekspertlər, nə də dövlət başçıları tərəfindən tam proqnozlaşdırılan bir vəziyyət müşahidə olunmur. ABŞ masanı və oyun qaydalarını yenidən yazır. Buna görə də təhlükəsizliklə bağlı infrastruktur da, ümumilikdə siyasi və hərbi sistemlər də dəyişəcək — yəni yeni arxitektura formalaşacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Qədir Aslan deyib.

Qeyd edək ki, Tehranda yüksək səviyyəli rəsmiyə qarşı törədilən hücum və regionun digər qaynar nöqtələrində müşahidə olunan gərginliklər Cənubi Qafqaz və Yaxın Şərq xəttində təhlükəsizlik balansının getdikcə daha da həssaslaşdığını göstərir. Hadisələrin paralel şəkildə baş verməsi, aktorlar arasında rəqabətin dərinləşməsi və geosiyasi maraqların kəsişməsi regionu yeni risk mərhələsinə daşıyır. Mövcud proseslərin hansı istiqamətdə inkişaf edəcəyi və yaxın perspektivdə ortaya çıxacaq nəticələr həm regional güclərin siyasi və hərbi davranışından, həm də qlobal oyunçuların müdaxilə dərəcəsindən asılı olacaq. Bu kontekstdə baş verənlər yalnız lokal insident kimi deyil, daha geniş miqyaslı təhlükəsizlik arxitekturasının yenidən formalaşmasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Siyasi şərhçi qeyd edib ki, burada diqqət çəkən məqam ondan ibarətdir ki, diplomatiya əvvəlki dövrlərdə olduğu qədər həlledici rol oynamır.

"Əvvəlki savaşlarda diplomatiya güclü silah idi, amma bu dəfə, obrazlı desək, əvvəl raketlər atılır, sonra diplomatlar danışır. Yəni yer dəyişimi baş verib: bir tərəfdə raketlərin gücü diplomatiyanı qabaqlayır, digər tərəfdə isə diplomatik sözlər bu gücü yalnız sonradan izah edir və legitimləşdirir. Regionda isə vəziyyət belə görünür: Arazın şimalında eyni güclər — ABŞ və İsrail müttəfiqləri — “yaşıl zona” yanaşması ilə rifah, əməkdaşlıq və sülh yönümlü layihələri prioritetləşdirirlər. Bu çərçivədə səfərlər edilir, müqavilələr imzalanır, region ölkələri arasında münasibətlərin normallaşması və nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün zəmin yaradılır. Eyni güclər tərəfindən Arazın cənubunda isə tam fərqli mənzərə formalaşır: burada silahlar və hərbi güc daha dominant rol oynayır. Bu da prosesin vahid strateji çərçivədə idarə olunduğu barədə təsəvvür yaradır. Müxtəlif hərbi bloklar çərçivəsində region ölkələri öz ənənəvi yanaşmalarını və davranış modellərini tətbiq etməyə çalışsalar da, nəticələr çox vaxt gözlənilən kimi olmur. Məsələn, Türkiyəni götürsək, o NATO üzvüdür, lakin onun davranışları eyni zamanda regional və İslam dünyası kontekstində də qiymətləndirilir. Bu səbəbdən bəzi siyasi ritorikalar — məsələn, NATO-nun “kağız pələng” kimi təsvir edilməsi — dolayısı ilə Türkiyə ilə bağlı müzakirələri də aktuallaşdırır. Lakin bu məsələləri açıq şəkildə sərt formada ifadə etmək hazırkı mərhələdə münasibətlərin kəskinləşməsinə səbəb ola bilər. Çünki ABŞ üçün Türkiyə ilə münasibətləri pozmaq strateji baxımdan sərfəli deyil; əksinə, NATO infrastrukturu regionda əməliyyatların effektivliyinə ciddi töhfə verir. Xüsusilə Türkiyə ərazisində yerləşən elektron kəşfiyyat və elektron mübarizə imkanları Yaxın Şərqdə aparılan əməliyyatlara mühüm dəstək göstərir. Burada təsadüfi proseslər yoxdur hər şey koordinasiyalı şəkildə həyata keçirilir. Böyük savaşlarda maliyyə sistemləri, silah sənayesi və enerji bazarları paralel şəkildə prosesə daxil olur. Maliyyə mərkəzlərinin böyük hissəsi ABŞ-nin təsir dairəsindədir, birjalar üzərində ciddi nəzarət mövcuddur. Eyni zamanda neft bazarının qlobal qiymətləndirilməsi və logistika zəncirləri də əsasən Qərb mərkəzli sistemlərlə idarə olunur. Beş böyük kargo şirkətinin demək olar ki, hamısı Qərb ölkələrinin nəzarətindədir. Sığorta şirkətləri də risklərin idarə olunmasında eyni sistemin tərkib hissəsidir. Nəticə etibarilə, çoxmərkəzli görünən, amma əslində koordinasiyalı şəkildə idarə olunan bir proses müşahidə olunur. Bu kontekstdə Türkiyə və Rusiya kimi aktorlar öz strateji yanaşmalarını yenidən qurmalı, qərargah və idarəetmə sistemlərini modernləşdirməlidirlər. Eyni zamanda hərbi doktrinalar və siyasi ritorika da yeni reallığa uyğunlaşdırılmalıdır. Əks halda gərginlik davam edəcək və mövcud güc balansı dəyişməyəcək. Rusiya artıq müəyyən adaptasiya xətti izləyir və Ukrayna cəbhəsində və digər regionlarda daha çox manevr imkanları əldə etməyə çalışır. Türkiyə isə müxtəlif siyasi kartlardan istifadə edərək, məsələn NATO genişlənməsi prosesində öz təhlükəsizlik maraqlarını irəli sürməyə çalışdı və müəyyən nəticələr əldə etdi. Beləliklə, hər aktor bu böyük qlobal qarşıdurma mühitində öz maraqlarını maksimum dərəcədə təmin etməyə çalışır və prosesdən mümkün qədər dividend qazanmağa çalışır".

Rəfiqə Namazəliyeva,

AzNews.az