"Təfərrüatlardan bəlli olur ki, bu şəxs bir neçə dəfə iş üçün imtahan verir və əgər imtahan verə bilirsə, bu halda psixi sağlamlıqla bağlı suallar bir qədər arxa plana keçir. Yəni normal məntiqə görə, əgər insan imtahan verə bilirsə və müəyyən iş funksiyalarını yerinə yetirə bilirsə, burada məsələni təkcə “ruhi xəstəlik” çərçivəsində izah etmək doğru deyil. Daha çox psixoloji xarakterli kənarlaşmalar və ya davranış pozuntuları ehtimal olunur. Psixi sağlamlıq anlayışı isə yalnız ağır ruhi xəstəliklərlə məhdudlaşmır. Cəmiyyətdə çox vaxt psixoloji pozuntular ruhi xəstəliklə səhv salınır. Halbuki real praktikada bu cür halların böyük bir hissəsi şüur itkisi və ya anlaqsızlıq demək deyil. Əksinə, belə insanlar hadisələri dərk edir, şüurlu qərarlar verə bilir və müəyyən çərçivədə davranışlarını idarə edə bilirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, ötən günlərdə Şəmkir rayonunun Qaracəmirli kəndində 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızı qətlə yetirilib. Hadisəni onun ruhi xəstə olduğu bildirilən oğlu Anar Allahverdiyevin törətdiyi qeyd olunur. Məlumata görə, A. Allahverdiyev bir neçə dəfə iş üçün imtahan versə də, uğur qazana bilməyib və son dövrlərdə psixoloji gərginlik yaşayıb. Bu hadisə sosioloji baxımdan psixi sağlamlıq problemləri, sosial adaptasiya çətinlikləri və ailədaxili münasibətlər fonunda fərdi davranışların formalaşması məsələsini gündəmə gətirir. Eyni zamanda, belə hallarda sosial dəstək mexanizmlərinin və psixi sağlamlıq xidmətlərinə çıxışın əhəmiyyəti bir daha ön plana çıxır.
Sosioloq qeyd edib ki, bu baxımdan yanaşma daha çox psixoloji sağlamlıq istiqamətində qurulmalıdır.
"Burada nevrotik vəziyyətlər, adaptasiya problemləri və ya digər psixoloji kənarlaşmalar ola bilər. Amma bunları birbaşa ruhi xəstəlik kimi təqdim etmək həm tibbi, həm də sosial baxımdan yanlış nəticələr yaradır. Əgər psixoloji problemlər mövcuddursa, əsas diqqət şəxsin cəmiyyətə inteqrasiyası və məşğulluq imkanlarına yönəlməlidir. Belə insanlar cəmiyyətdən kənarda saxlanmamalı, əksinə onlara uyğun iş mühiti, sosial dəstək və reabilitasiya imkanları yaradılmalıdır. Çünki düzgün yanaşma olduqda bu şəxslər müəyyən çərçivədə normal fəaliyyət göstərə bilirlər. Eyni zamanda çətin davranış nümayiş etdirən insanlar avtomatik olaraq “ruhi xəstə” kateqoriyasına aid edilə bilməz. Onlarda müxtəlif psixoloji patologiyalar ola bilər, lakin bu, onların tam anlaqsız və ya idarəolunmaz olduğu mənasına gəlmir. Ona görə də belə şəxslərə damğa vurmaq əvəzinə, onların vəziyyəti peşəkar şəkildə qiymətləndirilməlidir. Bu prosesdə həm sosial, həm psixoloji, həm də hüquqi aspektlər birlikdə nəzərə alınmalıdır. Xüsusilə də cinayət və ya hüquqi məsuliyyət ehtimalı olan hallarda, şəxsin vəziyyəti yalnız ilkin təəssüratla yox, dərin ekspertiza ilə müəyyənləşdirilməlidir. Digər tərəfdən, psixi sağlamlıq problemi olan şəxslərin müalicə və reabilitasiya prosesinə cəlb olunması vacibdir. Bu, həm onların öz həyat keyfiyyəti, həm də ümumi ictimai təhlükəsizlik baxımından əhəmiyyət daşıyır. Müxtəlif səviyyəli pozuntulara uyğun olaraq fərqli yanaşma tətbiq edilməlidir. Ümumilikdə belə problemlərin tamamilə qarşısını almaq çətin olsa da, sosial və iqtisadi şəraitin yaxşılaşdırılması, işsizlik və sosial təcrid hallarının azaldılması ilə riskləri müəyyən qədər azaltmaq mümkündür. Bu isə sistemli və uzunmüddətli yanaşma tələb edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az