"Ümumiyyətlə, test suallarının quruluşu bugünkü günümüzlə uyğunlaşmır. Yəni bizim ümumtəhsil məktəblərində tədris bugünkü Dövlət İmtahan Mərkəzinin həm buraxılış, həm də blok imtahanları ilə uyğunlaşmır. Birincisi, Dövlət İmtahan Mərkəzi sualların hamısını özünün vəsaitindən hazırlayır. Yəni onların ümumiyyətlə bizim dərsliklərə alternativ olan vəsaitləri var, ümumtəhsil məktəblərində tədris olunan kitablardan bir qədər fərqlidir. Mahiyyətcə düzdür, eynidir. Ancaq biz nəzərə alsaq ki, bu testlə hazırlanır, o halda test yönümlü hazırlıq şagirdlər üçün real biliyi əsaslandırmır. Yəni bu test onların bütün biliklərini üzə çıxara bilmir. 5-ci sinifdən 11-ci sinifə qədər təkrar-təkrar eyni şeyləri robot kimi o qədər dəqiqləşdirirlər, əzbərləyirlər ki, artıq onların ali təhsil müəssisələrinə düşəndən sonra yaradıcılıq qabiliyyəti demək olar ki, tükənir. Yəni deməli, özlərinə bir yenilik gətirmək, yaradıcı mühit formalaşdırmaq kimi bir şey olmur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, son illərdə Azərbaycanda təhsil sisteminin əsas müzakirə mövzularından biri imtahan və qiymətləndirmə modelinin şagirdlərin real bilik və bacarıqlarını nə dərəcədə əks etdirməsidir. Xüsusilə test yönümlü hazırlıq prosesi ətrafında yaranan debatlar daha da intensivləşib. Bəzi təhsil ekspertləri hesab edirlər ki, yalnız testlər üzərindən qurulan hazırlıq şagirdlərin analitik düşünmə, sərbəst ifadə və problem həll etmə bacarıqlarını zəiflədir. Digər yanaşmaya görə isə test sistemi obyektiv qiymətləndirmə üçün effektiv vasitə olmaqla yanaşı, tədrisin düzgün qurulması halında keyfiyyətli nəticələr də verə bilər. Bu kontekstdə təhsil eksperti məsələyə həm imtahan sisteminin üstünlükləri, həm də onun yaratdığı metodoloji boşluqlar prizmasından yanaşır.
Ekspert qeyd edib ki, dolayısı ilə test sistemi yeni yetişən nəsil üçün ciddi maneədir, bir baryerdir.
"Çünki bu adamların nə yazı qabiliyyəti olur, nə düşünmək qabiliyyəti, nə də ideya vermək qabiliyyəti. Bir neçə ildən sonra artıq ali təhsil müəssisəsində də özünü əmək bazarına tam hazırlaya bilmir. Mən elə bilirəm ki, şagirdlərin imtahan üçün yox, bilik üçün öyrənməsi bu günün tələbidir. Ona görə ki, artıq ali təhsil müəssisəsini hər bir şagird prioritet və məqsəd kimi görür. Ona görə də 5-ci sinifdən 11-ci sinifə qədər məqsədli şəkildə ancaq testləri əzbərləməklə məşğul olur. Bu da gələcəkdə onları müəyyən stresə salır. Məsələn, həm buraxılış imtahanında, həm blok imtahanında nəticəni əldə etdikdən sonra belə, 6–7 həftəlik gözləmə müddəti olur ki, bu müddətdə həm valideynlər, həm abituriyentlər ciddi stress yaşayır. Düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün Azərbaycanda test sistemi yumşaldılmalı və yaxud alternativ vasitələrə də keçilməlidir. Məsələn, Dövlət İmtahan Mərkəzi qalmaqla yanaşı digər qəbul qaydaları da müəyyən olunmalıdır. Universitetlər özləri, SAT təcrübəsində olduğu kimi, müxtəlif layihələrdən istifadə etməklə qəbul həyata keçirə bilər. Yaxud beynəlxalq tanınmış universitetlərə təqaüdlə qəbul olunan tələbələrimiz var ki, belə təqaüd qazanan tələbələr yerli universitetlərdə də ayrıca nəzərə alına bilər və Dövlət İmtahan Mərkəzinin qəbulundan kənar mexanizmlər formalaşdırıla bilər. Bu halda müəyyən rəqabət yaranar və biz imtahan üçün yox, bilik üçün öyrənməni təmin etmiş olarıq".
Rəfiqə Namazəliyeva,
AzNews.az