Toy karvanları ilə bağlı xəbərdarlıq

20 Sentyabr 2013 08:54 (UTC+04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi vətəndaşlar tərəfindən daxil olmuş narazılıqlar əsasında toy karvanları ilə bağlı yenidən reydlər keçirmək niyyətindədir.


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədovun sözlərinə görə, son vaxtlar bəy-gəlin cütlüyü avtomobilinin müşayiətində iştirak edən sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə çoxsaylı məlumatlar daxil olur.

Belə ki, pik saatlarında "toy karvanları"nın müəyyən istiqamətlər üzrə hərəkəti zamanı karvanda iştirak edən avtomobil sürücülərinin yol-hərəkət qaydalarını kobud şəkildə pozması süni sıxlığın, tıxacların yaranmasına səbəb olur. Toy karvanında iştirak edən avtomobillər tərəfindən yolun hərəkət zolaqları tutulur, işıqforun qırmızı işığında dayanmadan hərəkət edilir, yolayrıclarını keçmə qaydaları pozulur, yolboyu səs siqnallarından lüzumsuz istifadə olunur, ehtiyac olmadan asta sürətlə hərəkət edilir.

Bundan əlavə, yola bitişik şadlıq sarayları qarşısında dayanmış avtomobillərin hesabına yol daralır, həmin yol üzrə gediş-gəliş çətinləşir. Bu və ya digər nöqsanlar pik saatlarında tıxacların yaranmasına, o cümlədən paytaxt sakinlərinin narahatlığı və haqlı narazılığına səbəb olur:

"Daxil olmuş məlumatlar əsasında bildiririk ki, bununla bağlı yenidən reydlərin keçirilməsi zərurəti yaranır. Əvvəla, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ailə qurmaq istəyən gəncləri təbrik edir və onların yaxın qohumlarına gözaydınlığı verir. Bununla yanaşı, toy karvanında iştirak edənləri ciddi nizam-intizama dəvət edirik. Xəbərdarlıq edirik ki, paytaxt ərazisində quraşdırılmış kameraların köməyi ilə toy karvanlarında iştirak edən hər bir avtomobil hərəkət marşrutu boyu izləniləcək və kimliyindən asılı olmayaraq qaydaları pozanlar barəsində müvafiq cəza tədbirləri görüləcək."

Dövlət Yol Polisi İdarəsi adından toy sahiblərinə müraciət edən bölmə rəisi toy karvanlarında iştirak edən avtomobillərin sayının azaldılmasını tövsiyə edib:

"Bakı şəhər Dövlət Yol Polisi İdarəsi əhalinin, avtomobil sahiblərinin və sürücülərinin, xüsusilə toy sahiblərinin nəzərinə çatdıraraq tövsiyə edir ki, hərəkət zamanı "Yol hərəkəti haqqında" Qanunun tələblərinə riayət edilsin və digərlərinin hərəkətinə maneə yaradılmasın.

Xahiş edilir ki, yollarda sıxlığın, süni tıxacların və digər hərəkət iştirakçılarına narahatlığın yaranmaması üçün toy karvanında iştirak edən avtomobillərin sayını azaltsınlar. Axı 15-20 avtomobilin bəy-gəlini müşayiət etməsinə nə lüzum var? Toy karvanında 5-6 maşın da olsa, yetərlidir. Məgər avtomobillərin sayı az olsa, bu, bəy və gəlinin gələcək həyatında nəyisə dəyişəcək?!"

AzNews.az