Bu ölkədə Məhəmməd Əmin Rəsulzadəyə səmimiyyətlə rəğbət bəsləyənlər kifayət qədərdir. Elə mən özüm də o insanlardan biriyəm və hesab edirəm ki, tarixin ən ağır dönəmlərində ömrünü Azərbaycan davasına həsr etmiş bu fədakar şəxsiyyətə ehtiram göstərməmək mümkün deyil. Bununla belə, mən Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri kimi yox, qurucu liderlərindən biri kimi qəbul edirəm və mənim bu yanaşmamı təkzib edən heç bir tarixi fakt yoxdur. Ancaq bir qism adamlar vardı və var ki, 20-ci əsrin əvvəllərində Azərbaycan milli ictimai fikir müəssisəsinin bütün nailiyyətlərini Rəsulzadənin adına yazırlar.
Məsələn, Rəsulzadə özü deyir ki, Xalq Cümhuriyyətinin "Azərbaycan" adlandırılması Nəsib bəy Yusifbəylinin təklifi və israrı sayəsində baş tutub. Bu cür adamlar isə məsələni heç bir əsası olmadan Rəsulzadənin adına yazırlar. Odur ki, aramızda ciddi bir ixtilaf var və zaman-zaman bu ixtilaf kəskin mübahisələr formasında ictimai rəy qarşısına çıxıb. İndi həmin mübahisələri yenidən alovlandırmaq istəmirəm, buna ehtiyac da yoxdur. Amma diqqətinizi bir məsələyə çəkəcəm.
Məhəmməd Əmin bəy barədə nə qədər müzakirə gedirsə-getsin üç məsələdə konsensus olacaq.
1. Rəsulzadə vətənpərvər idi və bir Azərbaycan vətənpərvəri idi.
2. Rəsulzadə fərdi ideoloji təkamülündəki ziddiyyətlərə rəğmən, Azərbaycanı ilgiləndirən heç bir məsələdə mövqeyini gizlətməmiş, Azərbaycan və azərbaycanlıların maraqlarını ümdə hesab etmiş və nəhayət bir xalq olaraq yararlana biləcəyimiz istənilən tarixi fürsətin fövtə verilməməsi üçün çalışmışdır.
3. Rəsulzadənin də qurucularından biri olduğu Azərbaycan Xalq Cümhuriyyəti sələf dövlətimiz olmaqla milli müqəddəratımızın müəyyən olunmasında başlıca baza və mühüm tarixi təcrübədir.
Bu təcrübə Güney Azərbaycan məsələsinin çözümü üçün aydın bir platforma təqdim edir.
1917-ci ildə Rusiyada baş verən fevral inqilabından sonra Bakıda və Moskvada müsəlman qurultayları keçirildi. Qurultay ərəfəsində Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsi Qafqaz müsəlmanlarına müraciət dərc etdi və "millətlərin mənafeyini ən yaxşı təmin edə biləcək dövlət idarəçiliyi haqqında" fikir bildirməyi zəruri saydı: "Belə bir idarə forması, söz yox ki, yalnız demokratik respublikadır".
M. Ə. Rəsulzadə Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti Komitəsinin sədr müavini idi və Azərbaycandakı siyasi hərəkatın lideri Əlimərdan bəy Topçubaşovun rəyasətdə əyləşdiyi qurultayda məhz ifadə olunan mövqenin carçısı oldu.
Bakı və Moskva qurultaylarının, o cümlədən Məhəmməd Əmin Rəsulzadə də daxil olmaqla Milli Düşüncə Müəssisəmizin ən böyük xidməti və uğuru o oldu ki, AXC-ni quran babalarımız Azərbaycançı mövqe tutaraq islamçılıq və türkçülük şüarları altında təzyiq altında saxlanılan milli istiqlal xəttini müdafiə etdilər və yuxarıda qeyd olunan sitatda söhbət federativ respublikadan getsə də, tarixi fürsəti düzgün qiymətləndirərək 28 may yolunu açdılar.
Güney Azərbaycanın müqəddəratına böyük ölçüdə geopolitik çərçivədən baxmağa məcburuq. İran savaşında Tehran rejiminin məğlubiyyəti labüddür və bunun əksini düşünmək rasionallığa ziddir. Nəticədə ABŞ Azərbaycandan cənubda öz nüfuz dairəsini yenidən yaradacaq və bu, yeni geopolitik reallıq, yeni transformasiya, yeni fürsət deməkdir. Xalqlar bu cür kritik şəraitlərdə öz tarix şüurundan çıxış edərək öz gələcəyini modelləşdirir. Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan Xalq Cümhuriyyətinin qurucu lideri sayanlar- söhbət sadə soydaşlarımızdan yox, bu yanlış rəyin yaradılmasında xüsusi canfəşanlıq edənlərdən gedir,- İran məsələsinə necə yanaşırlar? Bu suala cavab tapmaq üçün təxminən 20 nəfərin profilinə baxdım və gözləntim özünü doğrultdu.
1-ci qism üçün İran savaşı sadəcə olaraq yoxdur. Bu barədə bircə kəlimə də yazmırlar.
2-ci qism məsələyə ağızucu münasibət bildirir və dolayı yollarla, sətiraltı İranı dəstəkləyirlər.
3-cü qism sionizmdən, imperalizmdən danışır və birbaşa molla rejimini müdafiə edir.
Bu, qətiyyən təsadüfi deyil.
Əvvəla, bu adamlar Rəsulzadədən daimi bir örtük kimi istifadə ediblər. Onların əsl mövqeləri bir mənbə olaraq Azərbaycan tarix şüurundan formalaşmır. Belələri üçün Rəsulzadə sadəcə qoruyucu maska, milli ziyalı görüntüsü yaratmaq üçün marketinq obrazıdır.
Digər tərəfdən, keçmişi saxtalaşdırmaq gələcək üçün həmişə risk yaradır. Rəsulzadə üzərindən Azərbaycanın gələcəyinə bilərəkdən və bilməyərəkdən risk yaradanlar yaranan tarixi şəraitə öz ideoloji uyğunsuzluqlarını fərq edirlər.
Nəhayət, İranla bağlı əsas məsələ müharibə deyil, milli müqəddəratdır. Bu baxımdan məsələ hansısa dövlətin hərbi taleyi ilə məhdudlaşmır, daha geniş- həmin coğrafiyada yaşayan milyonlarla azərbaycanlının gələcək siyasi statusu, mədəni kimliyi və tarixi iradəsinin hansı istiqamətdə formalaşacağı ilə bağlıdır. Belə bir prosesdə girəvə gözləmək dəyər daşıyıcısı olmamaq deməkdir. Mən də elə həmişə onu deyirdim ki, psevdo- Rəsulzadə yolçularının, psevdo cümhuriyyətçilərin, psevdo-türkçülərin, psevdo-demokratların əslində heç bir sağlam dəyəri yoxdur.
Taleh ŞAHSUVARLI