Deputat əsgər gedənləri yola saldı

3 Aprel 2026 15:27 (UTC+04:00)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsində çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli şəkildə yolasalma mərasimi keçirilib.

Tədbirdə SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin rəisi Natiq Qarayev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova və çağırışçıların valideynləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi Natiq Qarayev çağırışçılara uğurlar arzulayaraq bildirib ki, bu gün Azərbaycan gəncləri güclü, peşəkar və müasir ordunun sıralarına qoşulurlar. O qeyd edib ki, dövlət tərəfindən ordu quruculuğu daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə mühüm islahatlar həyata keçirilir.

Natiq Qarayev vurğulayıb ki, cənab Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbi qulluqçuların sosial rifahı yaxşılaşdırılıb, onların xidmət şəraiti daha da müasirləşdirilib:

“Son illərdə həyata keçirilən tədbirlər nəticəsində çağırış sistemində şəffaflıq artırılıb, gənclərin hərbi xidmətə hazırlanması və sağlamlığının qorunması istiqamətində mühüm addımlar atılıb”.

O, həmçinin söyləyib ki, çağırışçıların fiziki və mənəvi hazırlığına xüsusi diqqət yetirilir, onların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün xidmətə yola düşən gənclər üçün yaradılan şərait, təmin olunan imkanlar onların yüksək səviyyədə xidmət keçməsinə zəmin yaradır.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova isə çıxışında qeyd edib ki, bu gün keçirilən mərasim həm qürurverici, həm də məsuliyyətli bir hadisədir. O bildirib ki, Azərbaycan gəncləri Vətənə xidmət kimi şərəfli bir vəzifəni yerinə yetirmək üçün yola düşür və bu, hər bir vətəndaş üçün böyük iftixar mənbəyidir.

Deputat vurğulayıb ki, Azərbaycan bu gün müstəqil, güclü və qalib dövlətdir: “Qazanılan tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalqın birliyi, ordunun gücü, şəhidlərin qəhrəmanlığı və qazilərin fədakarlığı sayəsində əldə olunub. Bu gün xidmətə yollanan gənclər də məhz həmin qalib Ordunun əsgərləri olmaq şərəfinə nail olurlar”.

Səbinə Salmanova bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Vətənin müdafiəsi hər bir vətəndaşın müqəddəs borcudur və bu gün yola salınan gənclər bu ali vəzifəni yerinə yetirmək üçün ordu sıralarına qoşulurlar. Onun sözlərinə görə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevrilib.

Deputat gənclərə müraciət edərək qeyd edib ki, hərbi xidmət yalnız vəzifə deyil, eyni zamanda həyat məktəbidir. Bu məktəb gənclərə intizam, məsuliyyət, dostluq və Vətənə sədaqət kimi ali dəyərləri aşılayır. O əminliyini ifadə edib ki, çağırışçılar bu sınaqdan uğurla çıxaraq dövlətə və xalqa layiqli xidmət göstərəcəklər.

Sonda valideynlərə müraciət edən deputat övladlarının etibarlı əllərdə olduğunu və dövlətin daim onların yanında olduğunu vurğulayıb.

Çıxış edən valideynlər də öz növbəsində övladlarının qalib Azərbaycan Ordusunun əsgərləri olacağı ilə fəxr etdiklərini bildirərək, onlara uğurlu xidmət arzulayıblar.

Tədbirin sonunda çağırışçılara uğurlar arzulanıb, onların xidmətlərinin şərəfli, yollarının açıq, qayıdışlarının isə sağ-salamat olması dilənib.

AzNews.az