"İranın hərbi-siyasi elitası faktiki olaraq dağıldı" – Kənan Novruzov

3 Aprel 2026 21:21 (UTC+04:00)

"Cavad Zərif əslində kifayət qədər təcrübəli diplomatdır və uzun illər İran hakimiyyətinə xidmət edib. Bu mənada onun dediklərində, əlbəttə ki, məntiq var. Ümumiyyətlə, məsələ burasındadır ki, təqribən bir aydan çox davam edən müharibə İranda ciddi kataklizmlər yaratdı və bu müharibə İran üçün arzuolunmaz idi. Birincisi, İranın hərbi-siyasi elitası demək olar ki, dağıldı.

İkincisi, müəyyən mənada İranda rejim dəyişikliyinə nail olundu, amma yalnız müəyyən mənada. Çünki ata getdi, oğul gəldi, lakin ayətullah rejimi hələ də qalmaqdadır. Üçüncüsü, İran cəmiyyətində müəyyən dərəcədə İsrail və ABŞ xofu yarandı. Çünki mülki obyektlər də istər-istəməz zərər görür. Hər nə qədər ABŞ və İsrail desə də ki, mülki obyektləri hədəf almırlar, istənilən müharibədə mülki obyektlər və insanlar ziyan çəkir. Hətta birbaşa olmasa belə, insanlar bu müharibənin təsirlərini psixoloji və iqtisadi formada hiss edirlər".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranı ABŞ və İsrail ilə münaqişə üzrə yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırıb. Bu barədə o, Amerikanın “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində bildirib. Diplomat İran hakimiyyətini qələbə elan etməyə və mövcud münaqişəyə son qoyacaq, həmçinin yeni eskalasiyanın qarşısını alacaq razılaşma imzalamağa çağırıb. Zərifin iddiasına görə, İran hazırda qələbə elan etmək və eskalasiyanın qarşısını alaraq ölkənin təhlükəsizliyini təmin edəcək diplomatik razılaşmaya nail olmaq üçün əlverişli mərhələdədir.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan müharibə İran üçün arzuolunmaz nəticələr doğurur və bu təsirlər artıq hiss olunur.

"Amma ABŞ üçün də bu, bir növ “daş qayaya rast gəldi” misalı oldu. Belə ki, ABŞ İranda Venesuela ssenarisini təkrarlamaq istəyirdi: sürətli əməliyyat, ildırımvari müdaxilə və rejim dəyişikliyi. Lakin bu baş vermədi, hesablar özünü doğrultmadı və artıq ABŞ bir aydır ki, İranda bataqlığa düşmüş vəziyyətdədir. Rejim dəyişikliyinə ciddi şəkildə nail olunmadı, əksinə, Ayətullah Xamenei müəyyən mənada istədiyinə çatdı: xalqın yaddaşında ideologiya uğrunda mübarizə aparan lider obrazını gücləndirdi. Bu gün İran ABŞ qarşısında mühüm bir “kozır” ortaya qoyur – Hörmüz boğazı. Faktiki olaraq bu boğazın bağlanması ABŞ-ni ciddi narahat edir. Hətta vəziyyət o həddə çatıb ki, Vaşinqton Avropadan dəstək istəməyə məcbur qalır. Bu mənada Yaxın Şərqdə olduqca mürəkkəb və maraqlı bir vəziyyət yaranıb. Müharibə mütləq bitməlidir. Əgər bu münaqişə ikinci və ya üçüncü aya keçərsə, onun nəticələri Şərqi Avropa müharibəsinin dörd ildə yaratdığı nəticələrdən daha ağır ola bilər. Bunu həm ABŞ, həm də İran anlayır. İnflyasiya artacaq, bahalaşma dərinləşəcək, ərzaq qıtlığı yaranacaq, nüvə müharibəsi riski yüksələcək və münaqişəyə qoşulan tərəflərin sayı arta bilər. Burada əsas məsələlərdən biri İsrail faktorudur. İsrail müharibənin bitməsində maraqlı görünmür. Xatırlayaq ki, əvvəlki mərhələdə Vaşinqton Tehranla nüvə məsələsində razılığa gəlmək istəyərkən İsrailin hücumu bu prosesi pozmuşdu. İndi də oxşar vəziyyətin yaranması ehtimalı var. Benyamin Netanyahu üçün bu müharibələr daxili siyasi alətə çevrilib. Onun reytinqi xüsusilə Qəzza hadisələrindən sonra ciddi şəkildə zəifləyib və o, müharibə vasitəsilə hakimiyyətini uzatmağa çalışır. Digər mühüm faktor Rusiyadır. Müharibənin davam etməsi Rusiyanın maraqlarına uyğundur. Birincisi, neft qiymətləri artır və bu, Moskva üçün iqtisadi üstünlük yaradır. İkincisi, ABŞ-nin diqqəti Ukrayna istiqamətindən yayınır. Mənim qənaətimə görə, müharibənin yaxın 2–3 həftə ərzində bitməsi ehtimalı var və Donald Tramp da buna işarə edib. Lakin ABŞ-nin quru əməliyyatına başlaması son dərəcə risklidir. İranın coğrafiyası və potensial müqaviməti bu müharibəni uzunmüddətli və daha dağıdıcı fazaya keçirə bilər. Əsas məsələ ondan ibarətdir ki, Vaşinqton, Tehran və digər böyük oyunçular – Təl-Əviv, Pekin və Moskva faktorlarını düzgün balanslaşdıra bilsinlər və təxribatlara getməsinlər. Əks halda, münaqişə daha da genişlənə bilər. NəhayəHörmüz boğazıt, əsas açar yenə də ilə bağlıdır. Bu məsələ üzrə konsensus əldə olunarsa və boğaz açılarsa, bu, etimad mühitinin formalaşmasına və sonrakı diplomatik proseslərin başlanmasına ciddi təkan verə bilər".

Rəfiqə Namazəliyeva,

AzNews.az