“Cəmil Həsənli namizədlikdən imtina etməlidir” – YAP-ın tələbi

20 Sentyabr 2013 09:52 (UTC+04:00)
"Biz Yeni Azərbaycan Partiyası olaraq, Cəmil Həsənlidən Mərkəzi Seçki Komissiyasına şikayət etməyi planlaşdırmırıq, ancaq hesab edirik ki, qeyd olunan qurum Cəmil Həsənlinin dünən İctimai Televiziyanın efirində yol verdiyi qanun pozuntularını araşdırmalı və onun prezidentliyə namizədliyini ləğv etməlidir".
Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
O bildirib ki, dünəndən bəri İTV efirində baş vermiş hadisə ilə bağlı YAP-a müraciətlər daxil olur: "Prezidentliyə namizəd Cəmil Həsənlinin Azərbaycan prezidenti cənab İlham Əliyevin və onun ailəsinin ünvanına atdığı böhtan və səsləndirdiyi təhqir birmənalı surətdə qəbuledilməz hal kimi qeyd olunur. Biz hesab edirik ki, Cəmil Həsənli ona verilmiş efir vaxtında öz proqramını xalqa çatdırmaq əvəzinə, prezident İlham Əliyevin qazandığı uğurları qaralayır. Bu insanlar kordurlar, YAP hakimiyyətinin qazandığı uğurları qəbul etmək istəmirlər. Buna görə də bugünkü inkişafa böhtan və çirkab atırlar. Azərbaycan prezidenti həm də dövlətin simvollarından biridir. Onun təhqir olunması dövlətin təhqir olunması deməkdir".

H.Paşayev hesab edir ki, canlı efirdə Azərbaycan prezidentinin təhqir edilməsi, eyni zamanda Azərbaycan xalqının, dövlətin təhqir edilməsidir: "Belə bir təhqirə yol verən insan ən azı özü prezidentliyə namizədlikdən imtina etməli və xalq qarşısına çıxıb, ondan üzr istəməlidir".

YAP rəsmisi bildirib ki, MSK bu məsələyə baxmalı və Cəmil Həsənlinin namizədliyi ilə bağlı konkret mövqe ifadə etməlidir: "Ya Cəmil Həsənlinin xəstəxanadan aldığı arayış doğrudur və o kor olduğu üçün Azərbaycanda gedən bu qədər inkişafı, həqiqətləri görmür, ya da siyasi ambisiyalarına görə özünü görməzliyə vurub".

Elnur
AzNews.az