Yol polisindən dumanla bağlı sürücülərə MÜRACİƏT

4 Aprel 2026 11:39 (UTC+04:00)

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı müraciət edib.

BDYPİ-dən verilən xəbərə görə, hazırda ölkənin bəzi bölgələrində, o cümlədən paytaxtda dumanlı hava müşahidə olunur.

Bildirilib ki, belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Yol polisi sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamağı, sürəti mövcud görünüş şəraitinə uyğun seçməyi, qəfil manevr və ötmələrdən çəkinməyi, ara məsafəni qorumağı, dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə etməyi tövsiyə edib.

Piyadalara isə yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırıb ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Aznews.az