Pilotun xilas edilməsi

5 Aprel 2026 23:52 (UTC+04:00)

İran ərazisində amerikalı pilotun xilas edilməsi əməliyyatının detalları diqqət çəkir:

- Xüsusi təyinatlı qüvvələr İsfahanın cənubuna eniş edib və dağlarda gizlənən pilotu çıxara biliblər.

- Tramp əməliyyatın gündüz vaxtı keçirildiyini deyir;

- “CBS”-nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, pilotun sığındığı bölgəyə yaxınlaşmağa çalışan İran hərbçiləri ABŞ qüvvələri tərəfindən bombalanıb.

Bu, ABŞ-ın İran dərinliklərində quru əməliyyatı keçirməsi imkanlarını göstərdi. Genişmiqyaslı quru döyüşləri çətin görünür, ən azı canlı qüvvələrin qeyri-bərabərliyi baxımından.

Lakin lokal səviyyədə - zənginləşdirilmiş uranın çıxarılması, yaxud strateji ərazilərin ələ keçirilməsi kimi hədəflər istiqamətində mümkünsüz deyil. ABŞ-ın əsas üstünlüyü hava məkanına böyük ölçüdə nəzarət etməsidir ki, mümkün quru əməliyyatlarında hədəfə yaxınlaşan İran qüvvələrinin qarşısı hava zərbələri ilə alına bilər. Pilotun xilas edilməsi əməliyyatı belə bir nəzəriyyənin reallıq ehtimalını gücləndirdi.

ABŞ üçün nüfuz məsələsi olan pilotun xilas edilməsini həm də sınaq kimi qiymətləndirmək olar və istisna deyil ki, İran ərazisinə enən amerikalı xüsusi təyinatlılar quru əməliyyatına hazırlıq istiqamətində də müəyyən addımlar atıb.

Bu kontekstdə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossininin bir müddət öncə verdiyi açıqlama – İranın 60 faiz zənginləşdirilmiş uranın yarısını (xilasetməı əməliyyatının keçirildiyi) İsfahandakı nüvə obyektinin tunel kompleksində saxlanıldığı haqda dedikləri yada düşür.

Asif Nərimanlı