"Axios": ABŞ və İran 45 günlük mümkün atəşkəs barədə danışıqlar aparır

6 Aprel 2026 08:33 (UTC+04:00)

Birləşmiş Ştatlar və İran 45 günlük mümkün atəşkəs barədə müzakirələr aparır.

Aznews.az xəbər verir ki, bu barədə Amerikanın "Axios" portalı məlumatlı mənbələrə istinadən yazıb.

Əldə edilən məlumatlara görə, Vaşinqton, Tehran və bir sıra regional vasitəçilər qarşıdurmanın tamamilə başa çatmasına gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtləri üzərində işləyirlər.

Nəşrin həmsöhbətləri etiraf ediblər ki, yaxın 48 saat ərzində razılaşmanın əldə olunması ehtimalı böyük deyil, lakin bu, İranın mülki infrastrukturuna genişmiqyaslı zərbələri və Fars körfəzi ölkələrində enerji obyektlərinə və su təchizatı sistemlərinə cavab hücumlarını nəzərdə tutan ciddi eskalasiyanın qarşısını almaq üçün yeganə şans ola bilər.

"Axios"un mənbələri vurğulayıblar ki, Pakistan, Misir və Türkiyədən olan vasitəçilər hər iki tərəfdən qarşılıqlı etimadın qurulması istiqamətində addımların atılmasına nail olmağa ümid edirlər. Xüsusən İranın Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi məsələsində, eləcə də öz nüvə proqramı xətti ilə müəyyən güzəştlərə gedəcəyi gözlənilir.

"Bundan əlavə, atəşkəsin müvəqqəti olmayacağına və hərbi əməliyyatların bərpa olunmayacağına dair İrana zəmanət vermək üçün [ABŞ Prezidenti Donald] Tramp administrasiyasının görə biləcəyi tədbirlər üzərində iş aparılır", - portal bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.