İranın Qum şəhərində yaşayış məntəqəsinə hücum zamanı azı beş nəfər həlak olub

6 Aprel 2026 08:49 (UTC+04:00)

İranın mərkəzi hissəsində yerləşən eyniadlı əyalətin Qum şəhərindəki yaşayış məhəlləsinə ABŞ-İsrail qüvvələrinin endirdiyi zərbə nəticəsində azı beş nəfər həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə regional təhlükəsizlik idarəsinin rəis müavininə istinadən "Fars" agentliyi məlumat yayıb.

"Zərbələr endirildikdən sonrakı ilk bir saat ərzində beş dinc sakin öldürülüb və dağıntı yerində xilasetmə işləri, həmçinin uçqunların təmizlənməsi davam etdikcə bu rəqəmin artacağı istisna edilmir", - məmur bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.