"ABŞ-nin NATO üzrə müttəfiqi olan ölkələrin Prezident Donald Trampın bu “sınaq” cəhdlərinə reaksiyası artıq demək olar ki, bəllidir. NATO üzrə müttəfiqlərin heç biri hələlik ABŞ-nin Yaxın Şərqdə başlatdığı savaşa qatılmaq niyyətində olmadığını bildirir. Verilən bəyanatlar və atılan addımlar da bunu təsdiqləyir. NATO ölkələri ABŞ-nin yaratdığı hərbi bataqlığa düşmək istəmirlər. Ona görə də onların bir hissəsi hələlik sükutunu qoruyur, bir hissəsi isə açıq şəkildə ABŞ-nin dəstək çağırışlarına mənfi reaksiya verir. Buna misal olaraq İtaliya, İspaniya və Fransanın mövqeyini göstərmək olar. Bu ölkələr ABŞ-nin öz ərazilərində yerləşən hərbi bazalardan istifadə etməsinə icazə verməyib".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, ABŞ-nin NATO müttəfiqlərinə İrana qarşı mümkün hərbi əməliyyatda iştirakla bağlı müraciəti Vaşinqtonun alyans daxilində həmrəylik və siyasi dəstəyin real səviyyəsini yoxlamaq cəhdi kimi dəyərləndirilir. Donald Tramp isə ABC News telekanalına verdiyi müsahibədə bu təşəbbüsün Şimali Atlantika Alyansı üçün bir növ sınaq xarakteri daşıdığını vurğulayıb.
Siyasi şərhçi qeyd edib ki, bu isə Vaşinqtonda ciddi narazılıq doğurub.
"Məhz bundan sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin NATO-dan çıxması məsələsini gündəmə gətirməyə başlayıb. Tramp birinci prezidentlik dövründə də ABŞ-nin NATO-dan çıxmasının vacibliyini vurğulayırdı və indi bu mövzunu yenidən aktuallaşdırmağa çalışır. Ümumilikdə belə qənaətə gəlmək olar ki, NATO üzrə müttəfiqlər ABŞ-ı Yaxın Şərqdəki müharibədə dəstəkləmək niyyətində deyillər və bu münaqişənin qlobal hərbi qarşıdurmaya çevrilməsi ehtimalından ciddi şəkildə narahatdırlar. Ona görə də Trampın “sınaq” iddiası real görünmür. Əslində, Prezident Tramp NATO müttəfiqlərini sınaqdan keçirmək deyil, onlardan Yaxın Şərqdəki hərbi əməliyyatlara dəstək almaq istəyirdi. Lakin mənfi reaksiyalardan sonra bu mövzu “sınaq” kimi izah olunmağa başlandı. Hazırda ABŞ ciddi seçim qarşısındadır: ya NATO çərçivəsində fəaliyyətini davam etdirməli, ya da təşkilatdan çıxmaq barədə qərar verməlidir. Lakin NATO-dan çıxmaq asan məsələ deyil. Bunun həm NATO daxilində prosedurları var, həm də ABŞ daxilində – Konqres və Senat səviyyəsində təsdiq tələb olunur. Tramp administrasiyasının belə bir dəstək alıb-almayacağı isə hələlik o qədər də inandırıcı görünmür".
Rəfiqə Namazəliyeva,
AzNews.az