"Məktəb və imtahan sistemi arasında uyğunsuzluq var" – Sona Əliyeva

6 Aprel 2026 20:54 (UTC+04:00)

"Qeyd etdiyiniz məsələ ilə bağlı bu il narahatlıq qismən realdır, amma desək ki, problem nəticələrdə yox, təhsil sistemimizdədir, daha doğru olar. Diqqət etsək, hər il eyni müzakirələr aparılır: imtahan çətin idi, keçid balı yüksəkdir ya aşağıdır, nəticələr zəifdir və s. Amma əsas verilməli olan suala toxunmaq istəmirik: niyə şagird 11 il məktəbdə oxuyub, qəbul mərhələsində bu qədər çətinlik çəkir? Məncə, bu məsələ fərdi deyil, struktur problemdir. Ötən il qəbul ballarının yüksəlməsi bu il düşünməyə əsas verir ki, yenə də qəbul balları yüksək olacaq. İnsanlar hər keçən ilin nəticələrini norma kimi qəbul edir. Halbuki bu, statistik olaraq doğru yanaşma deyil. Digər tərəfdən, buraxılış imtahanlarının çətin keçdiyi ilə bağlı fikirləri tam subyektiv saymaq da doğru deyil".

Bu fikirləri Aznews.az-a açıqlamasında əməkdar müəllim Sona Əliyeva deyib.

Qeyd edək ki, cari ildə ali təhsil müəssisələrinə qəbul kampaniyası ilə bağlı ümumi gözləntilər əvvəlki illərə nisbətən daha zəif görünür. Bu mənzərə əsasən ötən il formalaşan yüksək keçid ballarının təsiri ilə izah olunur. Bununla yanaşı, buraxılış imtahanlarının çətinlik səviyyəsinin artdığı barədə səslənən fikirlər də ümumi proqnozlara təsir edir. Nəticə etibarilə, əvvəlki dövrlərlə müqayisədə universitetlərə qəbul olunan abituriyentlərin sayında müəyyən geriləmə ehtimalı nəzərdən keçirilir.

S. Əliyeva qeyd edib ki, əgər ümumi nəticələr aşağı düşürsə, burada problem təhsil sisteminin strukturu ilə bağlıdır.

"Sadəcə biz həmişəki kimi nəticəni müzakirə edirik, səbəbi görməzdən gəlirik. Nəticələrin zəifləməsini “sistemin sərtləşməsi” kimi təqdim etmək də düzgün deyil. Sistem birdən sərtləşmir. Əslində üzə çıxan məsələ illərdir mövcud olan uyğunsuzluqdur: məktəb bir model üzrə öyrədir, qəbul imtahanı isə başqa model üzrə biliyi ölçür. Şagird məktəbdə aldığı biliklə yox, əlavə hazırlıqlar, yəni repetitorlar vasitəsilə nəticə göstərir. Bu isə artıq təhsildə paralel təhsil sisteminin, yəni kölgə təhsilinin formalaşması deməkdir. Bu gün qəbul nəticələri sadəcə akademik göstərici deyil, həm də sosial göstəricidir. Kim harada oxuyur, hansı müəllimlə hazırlaşır, hansı resurslara çıxışı var – nəticəni getdikcə daha çox bunlar müəyyənləşdirir. Paytaxtla region arasında, imkanlı ailə ilə məhdud imkanlı ailə arasında fərq açıq şəkildə hiss olunur. Diqqət yetirsəniz, bu, imtahanın çətinliyindən daha böyük problemdir. Qəbul olunanların sayında mümkün azalma da avtomatik olaraq “nəticələr zəifdir” anlamına gəlmir. Əgər yer sayı eyni qalırsa, bu, məktəb hazırlığında boşluq olduğunu göstərir. Əgər yerlər azalırsa, bu artıq ayrıca siyasi qərardır. Amma hər iki halda məsələ dəyişmir: mövcud model şagirdi məktəbdə hazırlamır. Ümumiyyətlə, “zəif nəticə” ifadəsi doğru yanaşma deyil. Bu ifadə məsuliyyəti şagirdin üzərinə atır və məktəbin, təhsil sisteminin məsuliyyətini kölgədə saxlayır. Çünki nəticəni formalaşdıran təhsil sistemi və məktəbdir. Halbuki problem uşağın zəifliyində deyil, problem tədris proqramının tələb etdiyini şagirdə öyrədə bilməməsidir. Nəticələrlə bağlı suala gəldikdə isə, bu il nəticələrin nisbətən aşağı olması mümkündür. Amma bunu böhran kimi təqdim etmək doğru deyil. Bu, sadəcə təhsilimizdə illərdir yığılan problemlərin daha açıq görünməsidir. Əgər biz yenə nəticəni müzakirə edib səbəbi görməzdən gəlsək, gələn il də eyni sualları müzakirə edəcəyik".

Rəfiqə Namazəliyeva,

AzNews.az