"İranın nüvə proqramı regional təhlükəsizlik üçün riskdir" – Ədalət Verdiyev

6 Aprel 2026 23:11 (UTC+04:00)

"Hazırda İran nüvə silahına malik deyil, amma nüvə silahı əldə etmək üçün real imkanlar əldə etdiyinə görə bu münaqişə qaçılmaz olub. 60%-dən çox zənginləşdirilən təxminən 450 kq nüvə materialının əsasən İranın İsfahan nüvə tədqiqatlar mərkəzində və Natanz nüvə araşdırmaları mərkəzində yerləşdirildiyi ehtimal olunur. ABŞ-nin əlində isə hazır nüvə silahı var. İsraildə də bəzi iddialara görə nüvə silahı artıq var, amma bu hələlik öz rəsmi təsdiqini tapmayıb. İran da məhz İsrail ilə qarşıdurma yaratmaq üçün nüvə silahı əldə etmək istəyirdi, amma buna ABŞ təbii ki, imkan vermədi. ABŞ-nin əsas vəzifələrindən biri İranın nüvə ehtiyatlarını hansısa bir şəkildə Amerikaya daşımaqdan ibarətdir. ABŞ nüvə silahının çox böyük ehtiyatlarına malikdir, amma bu silahdan istifadə etməyəcək".

Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Qeyd edək ki, münaqişənin 38-ci günündə Tehrandan Təl-Əviv istiqamətinə və Körfəz regionundakı ölkələrə ardıcıl raket hücumları həyata keçirilib. İran tərəfi İsfahan ətrafında ABŞ-a məxsus C-130 tipli hərbi nəqliyyat təyyarələrinin vurulduğunu və hadisə ilə bağlı amerikalı qadın pilotun görüntülərinin yayıldığını iddia edib. Paralel olaraq, İsrailə yönələn raket zərbələrinin yaratdığı səmavi görüntülər sosial mediada geniş yayılıb. ABŞ Prezidenti Donald Tramp isə İranın Vaşinqtona yeni bir təklif təqdim etdiyini bildirib və bunu “mühüm, lakin yetərsiz” addım kimi qiymətləndirib. O, İranın nüvə silahı əldə etməsinin qəbuledilməz olduğunu vurğulayaraq ABŞ-nin mövqeyinin dəyişmədiyini qeyd edib. Tramp həmçinin münaqişənin daha da kəskinləşə biləcəyi ilə bağlı xəbərdarlıq edərək gərginliyin artma ehtimalına diqqət çəkib.

Ekspert qeyd edib ki, bu müharibədə nüvə silahı faktoru münaqişənin gedişatında həlledici rol oynadığını demək olmaz.

"Amma belə bir silahın İran tərəfindən əldə olunması təbii ki, həm regional, həm də beynəlxalq təhlükəsizlik üçün böyük təhdidlər yarada bilərdi. Hadisələrin gedişatı onu göstərir ki, İranın seçilmiş hakimiyyəti Azərbaycanla, ümumiyyətlə, Cənubi Qafqazla münasibətləri gərginləşdirmək istəmir. Hətta əvvəl Körfəz ölkələrinə İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarına görə də müəyyən qədər peşmançılıq hissi keçirir. Amma məsələ burasındadır ki, İranda bu müharibənin əsas aparıcı qüvvəsi ölkənin seçilmiş siyasi hakimiyyəti deyil, dini lider tərəfindən təyin edilən SEPAH generallarıdır. İstənilən halda Cənubi Qafqaz, o cümlədən Azərbaycan, eləcə də Türkiyə və Pakistan hələlik bu müharibədən kənarda qalmağı bacarırlar. Ümid edək ki, gələcəkdə İranın atəşi Cənubi Qafqaza sıçramayacaq. Bu, İranın öz dövlət və milli maraqlarına da ziddir".

Rəfiqə Namazəliyeva,

AzNews.az