Azərbaycanın infuziya məhlulları ərəb ölkələrinə ixrac ediləcək

7 Aprel 2026 13:07 (UTC+04:00)

Azərbaycanda istehsal olunan infuziya məhlulları qonşu və ərəb ölkələrinə ixrac ediləcək.

Aznews.az xəbər verir ki, bunu Pirallahı Sənaye Parkının rezidenti olan şirkətin baş direktoru Samirə Hüseynova jurnalistlərə açıqlamasında bildirib.

S.Hüseynova qeyd edib ki, müəssisə daxili bazarla kifayətlənməyərək xarici bazarlara çıxış strategiyasını hazırlayıb: "Yaxın müddət ərzində bir çox xarici ölkələrdə məhsullarımızın qeydiyyat prosesinə başlanılacaq. İlk növbədə yaxın qonşu ölkələr və müəyyən ərəb ölkələrində satışın həyata keçirilməsini planlaşdırırıq".

Məhsulun keyfiyyət amillərinə toxunan baş direktor zavodun Almaniya və Avstriyadan idxal olunan yüksək keyfiyyətli Avropa xammalından istifadə etdiyini vurğulayıb.

O deyib ki, zavodun avadanlıqları İtaliyadan idxal olunub: "Bu istehsal xətti dünyada cəmi üç şirkət tərəfindən istehsal olunur ki, onlardan biri də bizim təchizatçımızdır. Avadanlıqlarımız tam avtomatlaşdırılmış, qapalı və steril şəraitdə çalışır. Burada insan müdaxiləsi və risk faktoru sıfıra bərabərdir".