“Hörmüz boğazı üzərindən keçidə ödəniş tətbiq olunması qlobal enerji bazarına birbaşa və çoxsəviyyəli təsir göstərə bilər. Bu marşrutdan dünya neft tədarükünün təxminən beşdə birindən çoxunun keçdiyini nəzərə alsaq, tranzit xərclərinin artması ilk növbədə neftin maya dəyərini yüksəldəcək. Nəticədə bu artım mərhələli şəkildə benzin, dizel və digər yanacaq növlərinin qiymətlərinə ötürüləcək. Enerji isə demək olar ki, bütün istehsal və nəqliyyat sahələrinin əsas komponenti olduğu üçün bu bahalaşma ümumi qiymət səviyyəsinə də təsir edərək qlobal inflyasiyanı sürətləndirə bilər. Logistika baxımından şirkətlər əlavə xərclərdən qaçmağa çalışsa da, alternativ marşrutların imkanları məhduddur. Məsələn, bəzi ölkələr nefti boru kəmərləri vasitəsilə başqa limanlara yönləndirə bilər, amma bu kəmərlərin ötürmə qabiliyyəti bütün həcmi əvəz etməyə kifayət etmir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, İran Hörmüz boğazından keçidi bütün ölkələr üçün ödənişli edib. Qlobal enerji daşımaları baxımından strateji əhəmiyyət daşıyan bu dar su yolu dünya neft ticarətində mühüm yer tutur və Tehranın bu addımı beynəlxalq səviyyədə həm diqqət, həm də narahatlıq doğurub. Xatırladaq ki, dünya üzrə neft tədarükünün təxminən 20 faizi məhz Hörmüz boğazı üzərindən həyata keçirilir və bu marşrutda baş verən istənilən dəyişiklik qlobal enerji bazarına birbaşa təsir göstərmək potensialına malikdir.
O bildirib ki, alternativ variant daha uzun dəniz marşrutlarından istifadə etməkdir və bu isə həm vaxtın uzanmasına, həm də yanacaq xərclərinin artmasına səbəb olur.
"Yəni alternativlər mövcud olsa da, onlar ya məhdud, ya da daha baha başa gələn həllərdir. Belə bir qərar bazarda psixoloji təsir də yaradır. Treyderlər və investorlar risklərin artdığını gördükdə qiymətləri əvvəlcədən yüksəldə bilərlər. Bu isə real fiziki çatışmazlıq olmasa belə, bazarda əlavə qiymət artımına səbəb ola bilər.
Yəni, tranzit haqları tətbiq olunsa, qlobal enerji qiymətlərində artım, nəqliyyat və istehsal xərclərində yüksəliş və nəticə etibarilə geniş miqyaslı inflyasiya təzyiqi gözlənilə bilər. Alternativ marşrutlara keçid isə qismən mümkün olsa da, qısa müddətdə bu strateji boğazın rolunu tam əvəz etmək real görünmür".
Rəfiqə Namazəliyeva,
AzNews.az