Milyonçu maşınını dəfn edəcək - FOTO

20 Sentyabr 2013 11:50 (UTC+04:00)
Braziliyalı multimilyonçu, San-Paulu şəhərinin sakini Çiuqinyo Skarpa estravaqantlığı, ekssentrikliyi ilə məşhurlaşıb.


Səbəb isə onun 430 min dollarlıq Bentley avtomobilini torpağa basdırmağa hazırlaşmasıdır.

"Qraf Skarpa" kimi tanınan iş adamı bahalı avtomobilin torpağa basdırılmasını "dəfn" adlandırır.

62 yaşlı iş adamı niyyətini Facebook-dakı profilində açıqlamışdı.

Skarpanın yazdığına görə, Misir fironları barədə sənədli filmə baxandan sonra belə qərara gəlib.

"Sərvətimdən, var-dövlətimdən o dünyada da istifadə etmək istəyirəm. Ona görə də çox sevdiyim avtomobili torpağa basdıracağam. Öləndən sonra ondan yararlanacağam", - "Qraf Skarpa" yazmışdı.

Çiquinyo Skarpanın sözlərinə görə, bu həyatda var-dövlət içində yaşayıb. Belə həyatı öləndən sonra davam etdirmək fikrində olduğunu vurğulayan iş adamı Bentley Continental Flying Spur avtomobilini sabah, yerli vaxtla səhər saat 11-də San-Paulunun "Jardins" səmtindəki villasının həyətində basdıracağını bildirib.

İqtisadiyyat elmləri doktoru, aykido üzrə qara kəmər sahibi və San-Pauludakı Maruyama Aykido İnstitutunun sahibi Çiquinya Skarpanın sözlərinə görə, onun qərarında qeyri-adi heç nə yoxdur.

Övladları olmayan Skarpa dəyəri 17 min dollarlıq ağ kakadu tutuquşusunu "qızım" adlandırır: "Onun adı Filomena Leopoldina Sofiya Skarpadır. 6 aylıqdır, qızımdır". (milli.az)

AzNews.az