"Tarixi qonşuluq əlaqələri və eyni coğrafiyada yaşamaq iki ölkə xalqları arasında dostluq münasibətlərinin formalaşmasına və inkişafına zəmin yaradıb. Bu münasibətlər xüsusilə iqtisadi və siyasi sahələrdə özünü daha qabarıq şəkildə göstərir. Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və bu mövqeyini müxtəlif beynəlxalq platformalarda ardıcıl şəkildə bəyan edir. İki ölkə Avropa Şurası çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirir. Bu gün Gürcüstan Azərbaycanın neft məhsullarının Ermənistana daşınmasında mühüm rol oynayır. Azərbaycan isə Gürcüstana qaz tədarük edərək onun enerji təhlükəsizliyinə töhfə verir. Gürcüstan vasitəsilə Azərbaycanın qazı 11 ölkəyə çatdırılır. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istifadəyə verilməsi həmin dövrdə mümkünsüz hesab olunan bir layihənin reallaşması kimi dəyərləndirilə bilər. Bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələri gücləndirərək dünya bazarlarına birbaşa çıxış yaratdı və mühüm geosiyasi, eyni zamanda enerji təhlükəsizliyi layihəsinə çevrildi. Ümummilli lider Heydər Əliyev BTC layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb. Bu il iyulun 13-də kəmərin istifadəyə verilməsinin 20 illiyi qeyd olunacaq. 2006-cı ildən fəaliyyət göstərən bu kəmər Xəzər enerjisinin beynəlxalq bazarlara çıxarılmasının ən effektiv vasitələrindən biri hesab olunur və mürəkkəb regional geosiyasi şəraitdə reallaşdırılıb. Dəmir yolu sahəsində isə Bakı–Tbilisi–Qars dəmir yolu xətti illik 5 milyon ton yükdaşıma gücünə malik olmaqla Azərbaycanın Türkiyə və Avropa ilə birbaşa əlaqəsini təmin edir. Azərbaycanın modernləşdirilmiş dəmir yolu sistemi ilə birlikdə bu xətt Xəzər–Qara dəniz–Aralıq dənizi dəhlizi boyunca fasiləsiz daşımaları mümkün edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Azərbaycan Prezidentinin Gürcüstana səfəri iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. Bu fikirləri Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, region ölkələri arasında sülh və qarşılıqlı anlaşmanın dərinləşdirilməsinin alternativi yoxdur: “Azərbaycanla Gürcüstan arasında formalaşmış strateji tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır və yüksək qiymətləndirilməlidir. Mən bu səfəri müsbət addım kimi dəyərləndirirəm. Yaxın Şərqdə baş verən mürəkkəb proseslər fonunda sülhün vacibliyi daha da artır. Azərbaycanla Gürcüstan arasında mövcud olan dostluq münasibətləri möhkəm təməl üzərində qurulub və dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin daha da inkişafına təkan verir.”
Deputat bildirib ki, Azərbaycan və Gürcüstan arasında yaşıl enerji sahəsində də birgə layihələr uğurla icra olunur.
"2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb. Bundan əlavə, 2025-ci il aprelin 4-də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti üzrə əməkdaşlığa dair memorandum imzalanıb. Bu layihələr Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizinin formalaşmasına xidmət edir. Ümumilikdə, Bakı–Tbilisi–Qars dəmir yolu layihəsi regionun əhəmiyyətini daha da artıraraq Asiya–Avropa xətti boyunca yerləşən ölkələr üçün daha inteqrasiya olunmuş, təhlükəsiz və səmərəli tranzit imkanları yaradır. Region ölkələri arasında normal münasibətlərin mövcud olması xalqların rifahına və gələcək nəsillərin daha sabit şəraitdə yaşamasına xidmət edir. Azərbaycan bu istiqamətdə Ermənistanla da normal qonşuluq münasibətlərinin qurulmasına çalışır. 44 günlük Vətən Müharibəsindən dərhal sonra sülh gündəliyinin məhz Azərbaycan tərəfindən irəli sürülməsi bunun bariz nümunəsidir. Azərbaycan, həmçinin, Yaxın Şərq regionu ilə qonşudur. Bu baxımdan, burada baş verən gərginliklər təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanmasını zəruri edir".
Rəfiqə Namazəliyeva,
AzNews.az