İsrail və Yunanıstan 750 milyon dollarlıq silah müqaviləsi imzaladı

7 Aprel 2026 17:48 (UTC+04:00)

İsrail ilə Yunanıstan arasında hərbi əməkdaşlıq çərçivəsində yeni silah sazişi imzalanıb.

İsrail Yunanıstana çoxsaylı raketatar sistemlərinin tədarükünü nəzərdə tutan 750 milyon dollardan artıq dəyərə malik müqavilə bağlayıb.

İsrail Müdafiə Nazirliyinin açıqlamasına görə, müqavilənin imzalanma mərasimi Afinada keçirilib. Sazişə əsasən, “Elbit Systems” şirkətinin istehsal etdiyi PULS tipli çoxsaylı raketatar sistemləri Yunan ordusuna təxminən 2,3 milyard şekel (təxminən 757,8 milyon dollar) qarşılığında veriləcək.

Müqavilə çərçivəsində sistemin bəzi komponentlərinin Yunanıstanda istehsalı da planlaşdırılır. Layihənin icra müddəti 4 il nəzərdə tutulur və bundan sonra 10 illik texniki dəstək və xidmət mərhələsi davam edəcək.

Xatırladaq ki, Yunanıstan 2025-ci ilin dekabrında İsraildən 36 ədəd PULS sistemi alınmasını təsdiqləyib. Rəsmi Afina 2036-cı ilə qədər silahlı qüvvələrin modernləşdirilməsi üçün ümumilikdə 28 milyard avro xərcləməyi planlaşdırır.

Bununla yanaşı, Yunanıstan İsraillə təxminən 3 milyard avro dəyərində hava hücumundan müdafiə və raket qalxanı sistemlərinin yaradılması istiqamətində də danışıqlar aparır.

Mövsüm

AzNews.az