İran boğazı açsın, Tramp təxirə salsın - Pakistandan çağırış

7 Aprel 2026 23:57 (UTC+04:00)

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İrana planlaşdırılan hücumu təxirə salmasını xahiş edib: "Diplomatiyanın davam etməsi üçün Prezident Trampdan müddəti iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm".

AzNews.az xəbər verir ki, gecə saatlarında ABŞ-ın İrana planlaşdırdığı hücuma saatlar qalsa da, danışıqlar aparılır.

ABŞ və İran arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampdan İrana hücumu təxirə salmasını istəyib.

Şərif bildirib:"Yaxın Şərqdə davam edən münaqişənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylər qətiyyətlə, güclü və effektiv şəkildə davam edir və yaxın gələcəkdə nəzərəçarpacaq nəticələr əldə etmək potensialına malikdir. Diplomatiyanın davam etməsinə imkan vermək üçün Prezident Trampdan son tarixi iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm".

İranı bu müddət ərzində Hörmüz boğazını açmağa çağıran Şərif deyib: "Pakistan iranlı qardaşlarımızdan xoşməramlılıq əlaməti olaraq Hörmüz boğazını iki həftə müddətinə açmalarını səmimi qəlbdən xahiş edir. Biz həmçinin bütün müharibə edən tərəfləri regionda uzunmüddətli sülh və sabitlik naminə diplomatiyanın müharibəyə qəti şəkildə son qoymasına imkan vermək üçün iki həftəlik ümumi atəşkəsə riayət etməyə çağırırıq".

AzNews.az