Tramp kəməndi Tehranın boğazına saldı - OPERATİV ŞƏRH

8 Aprel 2026 07:15 (UTC+04:00)

Gözlənilən oldu.

Prezident Donald Trampın İrana son və qəti zərbə planı qarşısında İran artıq heç bir müqavimət göstərə bilməyəcəyini anlayıb Pakistanın vasitəçiliyi ilə danışıqlar masasına əyləşməyə razılıq verdi. Trampın taktikası "Zərbə+danışıqlar" idi və xətt özünü doğrultdu.

Hürmüz boğazının dərhal və ya 2 həftə gec açılması, o cümlədən keçid şərtləri Ağ ev üçün heç bir prinsipial əhəmiyyət daşımırdı.

Prinsipial məqamlar:

1. Tramp Epik qəzəb əməliyyatının 4-6 həftə çəkəcəyini bildirmişdi və indi bu zaman aralığında İran masaya otuzduruldu.
2. Masada İran ABŞ-nin əsas şərtlərini qəbul etməyə məcburdur və Trampın da açıqlamasından məlum olur ki, Tehran Ağ evin 15 maddəlik təklifklərinə cavab səciyyəsi daşıyan və kapitulyasiya aktı hesab oluna biləcək saziş layihəsinin ilkin variantını 10 maddə halında Ağ evə göndərib.
3. Tramp, əvvəllər də dediyimiz kimi, kəməndi Tehranın boğazına keçirdi və bu gündən İran ABŞ-nin rəsmən nüfuz dairəsindədir.
4. ABŞ-nin nüfuz dairəsindəki İranda klerikal rejim uzun müddət yaşaya bilməz. Xüsusi diqqət çəkən odur ki, İran Xarici işlər naziri Abbas Araqçının açıqlamasında ali dini lider Müctəba Xəmneyinin adı çəkilmir.
5. Tərəflər İslamabadda görüşəcəklər. İslamabad danışıqları baş tutmazsa nə olacaq?
- Trampın "Son zərbə planı" işə düşər;
- Proksi qüvvələr aktivləşər və İsrailin daha amansız zərbələrinə məruz qalar;
- Vasitəçi tərəf kimi Pakistan pərt olar.
Ona görə də İranın danışıqlar masasında "qabaqdangəlmişlik" etməyə elə bir imkanı yoxdur.

Tarixdən bilirik: Türkmənçay müqaviləsində Qacarlar Cənubi Qafqazı itirmişdi, ancaq müqavilədə şükür edirdilər ki, hər şey xoşbəxt sonluqla bitdi.

İndi də İran rejimi özünü xoşbəxt hesab edə bilər, amma reallıq tam fərqlidir.

İslamabad danışıqlarında və ondan sonra:

- Uran ABŞ-a (beynəlxalq təşkilatlar vasitəsi ilə) təhvil veriləcək.
- İranın İsrailə təhdid yaradan bütün raket arsenalına "ban" qoyulacaq;
- İranın Yaxın və Orta şərqdəki proksi qüvvələrinə dəstəyi kəsiləcək.
- İran neftinin istehsalı və satışı ilə bağlı ABŞ-ın maraqları nəzərə alınacaq.
- İranda anti-sionizm və anti-amerikanizm təbliğatı dayandırılacaq, Tehran bölgədə heç kimi hədələyə bilməyəcək.
- ABŞ-nin nüfuz dairəsinə girmiş İranda rəsmi ideologiya və konstitusiya dəyişməli olacaq.

Kəsəsi və türkün sözü: "Artık komşumuz ABD yanlısı İran" !

Taleh ŞAHSUVARLI